ABŞ-nin Pensilvaniya ştatından tədqiqatçılar qlobal nüvə müharibəsindən sonra baş verə biləcək “nüvə qışı” ssenarisini araşdırıb.
E-saglam.az xəbər verir ki, araşdırmaya görə, belə bir fəlakət kənd təsərrüfatı istehsalının çökməsinə, qlobal ərzaq böhranına və milyardlarla insanın ölümünə səbəb ola bilər. Effektləri səkkiz ilə qədər davam edə bilər.
Mütəxəssislər bildirir ki, nüvə partlayışları yalnız istilik və radiasiya ilə deyil, həm də yanğınlardan qalxan tüstü ilə dünyanı zülmət və soyuğa qərq edəcək. Günəş işığının azalması məhsul itkisini sürətləndirəcək. Misir kimi əsas kənd təsərrüfatı bölgələrində temperatur və işıq çatışmazlığı ciddi qıtlığa yol açacaq.
Araşdırmaya əsasən, atmosferə 5,5 milyon ton tüstü yayılması qarğıdalı istehsalını 7% azalda bilər. Böyük miqyaslı müharibədə 165 milyon ton tüstü isə istehsalı 80% azaldaraq qlobal aclıq fəlakəti yarada bilər. Bu azalma yalnız qarğıdalıya deyil, buğda və düyü kimi digər əsas məhsullara da təsir göstərəcək.
Tədqiqatçılar həmçinin xəbərdarlıq edir ki, genişmiqyaslı nüvə müharibəsində atmosferə yayılan tüstü ozon qatını məhv edəcək. Bu, zərərli ultrabənövşəyi şüaların artmasına, bitki toxumalarına zərər verərək kənd təsərrüfatı məhsuldarlığını daha da aşağı salmasına səbəb olacaq.
Elm adamları nəticəni belə yekunlaşdırır: nüvə müharibəsi təkcə dərhal insan itkilərinə deyil, illərlə davam edən qlobal ərzaq böhranına və ekosistemin çökməsinə yol aça bilər.
Tərcümə: Könül Oruc