Tibbi xəbərlər
Saç tökülməsinin səbəbi sadə olmaya da bilər:
Tibbi xəbərlər
100

Saç tökülməsinin səbəbi sadə olmaya da bilər: Xəstəliklərin xəbərçisidir

Duşda bir neçə tel saç görmək və ya səhərlər yastıqda saç tapmaq bir çox insan üçün adi hal sayıla bilər. Ancaq saç fırçanız tük yumağına çevrilirsə və ya saç ayrımı getdikcə genişlənirsə, bu, təkcə mövsümi dəyişiklik və ya kosmetik səbəblərlə izah olunmaya bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, saç tökülməsi bəzən orqanizmin dərin bir sağlamlıq probleminə verdiyi siqnal ola bilər.

Saç tökülməsi hansı xəstəliklərin əlaməti ola bilər?

Tiroid problemləri

Xroniki yorğunluq, qəfil çəki dəyişikliyi və tez-tez üşümə ilə yanaşı saç tökülməsi yaşayan şəxslərin tiroid funksiyaları yoxlanmalıdır. Həm hipotiroid (zəif işləyən tiroid), həm də hipertiroid (həddindən artıq aktiv tiroid) saç köklərinin qurumasına, qırılmasına və seyrəlməsinə səbəb ola bilər.

Polikistik yumurtalıq sindromu (PKOS)

PKOS qadınlarda tez-tez rast gəlinən hormonal pozğunluqdur. Saç tökülməsi ilə yanaşı üzdə və bədəndə arzuolunmaz tüklənmə, sızanaqlar və qeyri-müntəzəm menstruasiya ilə müşahidə oluna bilər. Bu sindromda artan kişi hormonları saç köklərini zəiflədir.

Dəmir çatışmazlığı

Əgər pilləkən çıxanda başgicəllənmə, nəfəs darlığı və yorğunluqla yanaşı saç tökülməsi də varsa, dəmir çatışmazlığına diqqət yetirilməlidir. Qan azlığı (anemiya) saç köklərinə oksigen daşınmasını pozaraq tökülməyə səbəb ola bilər.

D vitamini çatışmazlığı

Xüsusilə pandemiyadan sonra evdə daha çox vaxt keçirmək D vitamini çatışmazlığını artırıb. Bu vitamin saç köklərinin yenilənməsi üçün vacibdir. Əskikliyi zamanı saçlar nazilir və ümumi zəiflik, əhval pozğunluğu kimi hallar da yaşana bilər.

Şəkərli diabet

Yüksək qan şəkəri səviyyəsi saç köklərinə qanla qida maddələrinin daşınmasını pozaraq saç tökülməsinə səbəb ola bilər. Sıx sidiyə getmə, susuzluq, bulanıq görmə və halsızlıqla yanaşı saç itkisi varsa, mütləq şəkər xəstəliyi baxımından qiymətləndirilməlidir.

Nə etməli?

Mütəxəssislər bildirirlər ki, saç tökülməsini yalnız kosmetik problem kimi qəbul etmək yanıltıcı ola bilər. Əgər saç itkisində nəzərəçarpacaq artım varsa, mütləq həkimə müraciət olunmalı və qan analizləri aparılmalıdır. Tiroid hormonları, dəmir səviyyəsi, D vitamini, qan şəkəri və hormonal göstəricilər müayinə edilməlidir.

Yerli istifadəyə aid məhsullar müvəqqəti təsir göstərsə də, əsas səbəb aradan qaldırılmadıqca problem davam edəcək. Həkimlərin fikrincə: “Bəzən orqanizm saçlar vasitəsilə kömək istəyir. Bu siqnalı vaxtında eşitmək yalnız saçların deyil, ümumi sağlamlığın qorunmasında da böyük rol oynayır.”

Qeyd: Bu məqalə yalnız məlumat xarakteri daşıyır və tibbi məsləhət deyil. Sağlamlığınızla bağlı hər hansı narahatlığınız varsa, həkimə müraciət etməyiniz tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun