Sağlam və uzun ömür sürmək üçün həyat tərzində bəzi mühüm dəyişikliklər vacibdir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, müəyyən qaydalara əməl etməklə həm bədən, həm də psixoloji sağlamlıq qorunub saxlanıla bilər. Bu qaydalar eyni zamanda bir çox xroniki xəstəliklərin qarşısının alınmasına da kömək edir.
İlk növbədə, siqaret, spirtli içki və digər zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur. Həmçinin gündəlik hərəkətlilik artırılmalı və oturaq həyat tərzindən uzaq durulmalıdır. Uzun müddət hərəkətsiz qalmaq — istər ofis şəraitində, istərsə də uzun uçuş zamanı — qan dövranının zəifləməsinə və laxtalanma riskinin artmasına səbəb ola bilər.
Stressin idarə olunması da uzunömürlülüyün vacib şərtlərindən biridir. Mütəxəssislər qeyd edirlər ki, yoqa, ailə və dostlarla zaman keçirmək, heyvanlarla ünsiyyət, autogenik məşqlər və şəxsi hobbilər stressin azaldılmasına müsbət təsir göstərir.
Sağlam qidalanma da bu prosesin ayrılmaz hissəsidir. Qeyri-nizamlı və kalori baxımından zəngin qidalarla tez-tez qəlyanaltı etmək, piylənmə və damar tıxanıqlığı riskini artırır. Bu səbəbdən porsiyalara və yemək vaxtlarına diqqət etmək tövsiyə olunur.
Uzun və sağlam ömür üçün əsas tövsiyələr belədir:
– Zərərli vərdişlərdən uzaq durmaq
– Gündəlik fiziki aktivliyi artırmaq
– Damar sağlamlığını qorumaq
– Stressi düzgün idarə etmək
– Sağlam və balanslı qidalanmaq
– Emosional rifaha diqqət yetirmək.
Tərcümə: Könül Oruc