İmmunitet sistemini gücləndirən, qan şəkərini tarazlayan, təzyiqi və xolesterini idarə edən güclü bir bitki var – zeytun yarpağı. Min illərdir istifadə edilən bu bitki müasir tibbin də marağını cəlb edib.
E-saglam.az xəbər verir ki, zeytun təkcə meyvəsi və yağı ilə deyil, yarpaqları ilə də sağlamlıq baxımından əvəzsiz sayılır.
Təbii immun qalxanı
Zeytun yarpağında olan oleuropein adlı antioksidant maddə immuniteti gücləndirir, xüsusilə qrip və soyuqdəymə kimi infeksiyalardan qorumağa kömək edir. Bu komponent təbii antibiotik kimi fəaliyyət göstərərək zərərli mikroorqanizmlərin yayılmasına mane olur.
Qan şəkəri üçün dəstək
Zeytun yarpağı ekstraktı qan şəkərinin tarazlanmasına və insulin müqavimətinin azalmasına kömək edə bilər. 2-ci tip diabetlə mübarizədə təbii bir əlavə kimi istifadə olunur, lakin yalnız həkim nəzarəti ilə qəbul edilməlidir.
Təzyiqin tənzimlənməsi
Zeytun yarpağı çayı damar genişlənməsini dəstəkləyir, bu da qan təzyiqinin düşməsinə yardım edir. Xüsusilə xroniki yüksək təzyiqi olanlar üçün təbii dəstək rolunu oynaya bilər.
Xolesterolu tarazlayır
Zeytun yarpaqları “pis” LDL xolesterini azaltmağa, “yaxşı” HDL xolesterini isə dəstəkləməyə kömək edir. Bu, ürək-damar sağlamlığı üçün əhəmiyyətlidir.
Qocalma əleyhinə təsir
Güclü antioksidant tərkibi ilə hüceyrələri oksidləşdirici stressdən qoruyur, dərinin qocalmasını və daxili yorğunluğu yavaşladır.
Necə istifadə olunmalıdır?
Zeytun yarpaqları əsasən çay kimi dəmlənərək istifadə olunur. Qurudulmuş yarpaqları qaynar suda 5–10 dəqiqə dəmləmək kifayətdir. Həmçinin kapsul və damcı formasında olan ekstraktlar da mövcuddur. Lakin xroniki xəstəliyi olanlar və müntəzəm dərman qəbul edənlər bu məhsullardan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
Tərcümə: Könül Oruc