Stressli vəziyyətdə gərginlik normaldır, ancaq sadə bir hiylə ilə ondan cəmi iki dəqiqəyə qurtula bilərsiniz.
E-saglam.az xəbər verir ki, psixiatr Alexandro Martinez bunu "20minutos"a müsahibəsində açıqlayıb.
Martinez qeyd etdiyi kimi, bu məşq hər yerdə istifadə edilə bilər: "Texnika effektivdir, çünki tənəffüs, hərəkət və toxunma ilə zehni sakitləşdirir".
Həkim sakitləşmək və istirahət üçün sadə, amma təsirli bir üsul təklif edib:
Əvvəlcə bir əlinizin baş barmağını digər əlinizin ovuc tərəfindəki barmaqların altına yerləşdirin. Daha sonra sanki qarşınızda beş dağ varmış kimi təsəvvür edin və bu “dağlara” barmaqlarınız vasitəsilə “səyahət etməyə” başlayın.
Barmaqlarınızın dibindən başlayaraq, hər bir barmağın üst hissəsinə (zirvəsinə) doğru barmağınızı yavaşca sürüşdürün. Zirvəyə çatdığınızda burundan dərindən nəfəs alın (təxminən 2 saniyə). Daha sonra barmağın digər tərəfi ilə aşağıya doğru enərkən burnunuzdan yavaş-yavaş nəfəs verin (təxminən 4 saniyə).
Bu prosesi hər barmaq üçün təkrarlayın. Beləliklə, həm zehniniz sakitləşir, həm də bədəniniz rahatlaşır.
Tərcümə: Könül Oruc