Güclü yağış və tufandan sonra dənizdə çimmək sağlamlıq üçün ciddi risklər daşıyır.
E-saglam.az xəbər verir ki, bu barədə Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekan vəzifəsini icra edən bioloq İrina Lyalina “Lenta.ru”ya açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, tufan zamanı dəniz suyu bulanır, içərisində qum, lil və yosunların mikroskopik hissəcikləri artır. Əgər tufan yağışla müşayiət olunursa, sahilboyu ərazilərdən axan çirkab sular – zibillər, neft məhsulları və pestisidlər kimi maddələr dənizə qarışır.
"Bu cür çirkab sular dənizdə bakterioloji çirklənməyə səbəb olur. Yağışla dənizə yuyulan üzvi maddələr bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Nəticədə sudakı patogen və bakteriyaların səviyyəsi əhəmiyyətli dərəcədə artır", – deyə bioloq bildirib.
Lyalina əlavə edib ki, güclü axınlar və iri dalğalar üzgüçülər üçün əlavə təhlükə yaradır. Onun fikrincə, tufandan sonra ən azı 24-48 saat gözləmək və suyun təmizlənməsinə şərait yaratmaq lazımdır. Bu müddətdən sonra dənizdə çimmək daha təhlükəsiz hesab oluna bilər.
Tərcümə: Könül Oruc