Amerikalı ürək-damar cərrahı Dr. Ceremi London bildirir ki, evdə yemək bişirmək təkcə aclığı doyurmaq deyil, eyni zamanda sağlam həyat tərzinin əsas şərtidir.
E-saglam.az-ın məlumatına görə, o, evdə hazırlanan yeməklərin piylənmə, ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabet riskini azaltdığını deyir.
Mütəxəssis qeyd edir ki, evdə yemək bişirən insanlar istifadə olunan inqrediyentlərə tam nəzarət edə bilir: artıq duz, şəkər, yağ və konservantlardan qaçmaq mümkündür. Bu da daha balanslı və şüurlu qidalanma deməkdir.
Bundan əlavə, evdə bişirilən yeməklərdə porsiya ölçüsünə də nəzarət etmək olur. Bu, artıq çəkiyə və həddindən artıq kalori qəbuluna maneə yaradır. Dr. London qeyd edir ki, evdə yemək həm də maddi baxımdan sərfəlidir və emosional rifaha müsbət təsir göstərir.
“Evdə yemək bişirən insanlarda ürək-damar xəstəlikləri daha az müşahidə olunur. Bu vərdiş həm fiziki, həm də zehni sağlamlıq üçün faydalıdır”, – deyə cərrah bildirib.
Tərcümə: Könül Oruc