Bu gün uşaqların yaşlarına uyğun olmayan seriallara və müxtəlif ekran məzmunlarına çıxışları əvvəlki illərlə müqayisədə daha rahatdır. Xüsusilə, texnologiyanın inkişafı və fərdi mobil cihazların hər evə, hər uşağın əlinə çatması bu prosesi daha da sürətləndirib. Azyaşlıların telefon və planşetlərdə nələrə baxmaları isə, demək olar ki, nəzarətsizdir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, uşaqların yaşına uyğun olmayan məzmunları izləməsi onların psixoloji inkişafına, dəyərlər sisteminə və sosial davranışlarına mənfi təsir göstərir. Bu məsələ hazırda Azərbaycanda və beynəlxalq səviyyədə gündəmdə olan vacib sosial mövzulardan biridir.
Azərbaycan reallığı: Tənzimlənməmiş məzmun, nəzarətsizlik
Azərbaycanda uşaqların internet məzmunları izləməsi ilə bağlı ciddi tənzimləmə mexanizmləri mövcud deyil. Televiziya kanallarında və internet platformalarında yayımlanan bir çox serialın məzmunu uşaqlar üçün uyğun deyil. Valideyn nəzarəti çox zaman qeyri-kafi olur, uşaqlar saatlarla ekran qarşısında nəzarətsiz qalırlar. Milli-mənəvi dəyərlərə uyğun olmayan xarici serialların geniş yayılması isə milli kimlik və ailə institutuna mənfi təsir göstərir.
Həmçinin, yerli televiziya kanallarında uşaqlar üçün nəzərdə tutulan maarifləndirici, əxlaq və dəyərləri aşılayan proqramların sayı olduqca azdır. Bu isə onların xarici və nəzarətsiz məzmunlara yönəlməsinə səbəb olur. Bu reallıq qarşısında valideynlərin rolu daha da önəm qazanır.
Dünya təcrübəsi: Nəzarət, maarifləndirmə və yerli kontent
Dünya ölkələrində, xüsusilə, Avropa İttifaqı ölkələri, ABŞ, Kanada və Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə serialların uşaq psixologiyasına təsiri ciddi şəkildə tənzimlənir. Hər bir serial yaş kateqoriyasına görə qiymətləndirilir və valideynlərə izlənilən məzmun barədə əvvəlcədən xəbərdarlıq edilir. "Netflix", "YouTube" "Kids" və "Disney+" kimi platformalarda uşaqlar üçün xüsusi nəzarət alətləri mövcuddur. Valideynlər bu vasitələrlə uşaqların yalnız uyğun məzmunlara baxmasına şərait yarada bilirlər.
Dünya təcrübəsində diqqətçəkən digər nüans isə maarifləndirici və pedaqoji serialların geniş yayılmasıdır. “Sesame Street”, “Peppa Pig”, “Pororo” kimi seriallar həm əyləndirici, həm də tərbiyəvi mesajlar ötürərək uşağın inkişafına müsbət təsir göstərir. Bu cür layihələr dövlət tərəfindən dəstəklənir və ictimai kanallar vasitəsilə geniş auditoriyaya təqdim olunur.
Əlavə olaraq, bəzi ölkələrdə məktəb mühitində uşaqlara “media savadlılığı” dərsləri keçirilir. Bu dərslər vasitəsilə uşaqlara izlədikləri məzmunu tənqidi təhlil etməyi və düzgün seçim etməyi öyrədirlər. Bu yanaşma gələcək nəsillərin daha ayıq, şüurlu və təhlükələrə qarşı müqavimətli böyüməsinə kömək edir.
Bəs bu cür önəmli mövzu barədə yerli mütəxəssislər nə düşünürlər?
Klinik Psixoloq Nuriyyə Quliyeva "Report"a bildirib ki, istənilən televiziya proqramı, serial, filmlərə yaş məhdudiyyəti tətbiq edilir:
"Ancaq bəzən uşaqların izlədikləri məzmun onların yaşlarına uyğun olmur. İnformasiyanın yaşından tez alınması psixikaya mənfi təsir edir, uşaqlarda davranış pozuntuları, həyəcan, təşviş kimi problemlər yarada bilir. Eyni zamanda, uşaqlarda qorxu yaranır, narahatlıq artır, bəzən isə digər uşaqlara qarşı təzyiq, aqressiya halları müşahidə olunur. Hətta bəzən başqa bir uşağı hansısa davranışa məcbur etmək, zor tətbiq etmək kimi hallar baş verir”.
Yaşa uyğun olmayan məzmunlar uşaqların psixikasında dərin izlər buraxa bilər
Psixoloqun sözlərinə görə, bəzi serial və filmlərdə göstərilən mövzular (zorakılıq, qətl, cinsi, travmatik hadisələr) uşağın yaşına uyğun deyil və bu məzmunlar onların psixikasında dərin izlər buraxa bilər. Belə uşaqlar gecələr yata bilmir, evdə tək qalmaqdan çəkinir, tək digər otağa keçmək istəmirlər. Qorxularını sözlə ifadə edə bilməsələr də, bu səssiz travmalar onların həyatına təsir edir.
"Valideynlərə deyə bilmərik ki, televizor izləməyin. Onlar nəzarət etməli, izah verməli və övladlarına düzgün istiqamət göstərməlidirlər. Təkcə uşağın fiziki və bioloji ehtiyaclarını deyil, onun psixoloji sağlamlığını da qorumaq hər valideynin borcudur. Bəzən uşaq hiss etdiklərini dilə gətirə bilmir, amma bu o demək deyil ki, o təsirlənmir. Əksinə, çox dərin və içində daşıdığı travmalar formalaşmağa başlayır", - o vurğulayıb.
N.Quliyeva valideynləri diqqətli olmağa səsləyib:
"Uşaqların izlədikləri məzmunlara nəzarət olmalıdır. Onlara yaşlarına uyğun, maarifləndirici və pozitiv məzmunlar təqdim edilməlidir. Ən azı, ailə olaraq televiziya izlənərkən uşaqların yanında hansı verilişin açıldığına xüsusi diqqət yetirilməlidir. Uşaqlar ekran qarşısında nə qədər tək buraxılarsa, o qədər də təsirlərə açıq qalırlar. Unutmayaq ki, bir məzmunun uşağa təsiri onun gələcək şəxsiyyətinə, davranışına, seçimlərinə, münasibətlərinə birbaşa təsir edir. Odur ki, indi gördüyümüz bu sadə məsələ, əslində, gələcək cəmiyyətin sağlamlığına təsir edən çox vacib bir faktordur".
Serial və TV şouların milli-mənəvi dəyərlərə təsiri
Sosioloq Asif Bayramov "Report"a açıqlamasında təkcə uşaqların deyil, böyüklərin də seriallardan və bəzi televiziya verilişlərindən aldığı zərərlərə diqqət çəkib. O bu məsələ ilə bağlı dərin narahatlığını ifadə edib:
“Bu gün mənəvi-mədəni məkanımızı işğal edən eybəcər sosial davranış formaları çox vaxt birbaşa evlərimizin içində baş qaldırır. Ata-oğul, ana-bala münasibətləri artıq əsrlərlə cilalanmış milli və ailəvi dəyərlərdən deyil, fürsətcil ideoloji mərkəzlərin topluma sırıdığı təhlükəli həyat tərzi modellərindən ilham alır. Bu vərdişlər, şübhəsiz ki, xalqımızın yüz illərlə qoruyub saxladığı ailə dəyərlərini sıradan çıxarır, ailəni birləşdirən bağları zədələyir”.
A.Bayramov hesab edir ki, bu prosesin qarşısını almaq üçün dövlət səviyyəsində ciddi sosial proqramların hazırlanması və bu proqramların icrasına birbaşa nəzarət vacibdir:
“Azərbaycan ailə institutunu və mənəvi dayaqlarını qorumaq bizim tarixi və mənəvi borcumuzdur. Bunu bizdən yalnız öz tariximizin şərəfli səhifələrini yazmış ulu babalarımız deyil, bu gün və sabahın yetişən nəsli də tələb edir. Əgər bu günümüzü, milli kimliyimizi, ailə modelimizi qoruya bilməsək, sabahkı nəsilləri də təhlükəyə atmış olarıq. Günümüzdə böyüyən gənc nəsillə orta və yaşlı nəsil arasında yaranmış dərin mənəvi boşluq, təəssüf ki, təbii təkamül nəticəsi deyil. Bu, daha çox xaricdən gələn, məqsədli şəkildə yönləndirilmiş mənəvi təxribatların nəticəsidir”.
Sosioloq əlavə edib ki, bəzi televiziya kanalları və media qurumları bu təxribatın istəklərinə bilavasitə xidmət edirlər.
“Bəzi televiziya verilişləri və seriallar ictimai şüura o qədər zərərli mesajlar ötürür ki, onların milli əxlaqımıza və mənəvi dəyərlərimizə vurduğu zərəri bəzən yalnız atom silahının fiziki dağıdıcı gücü ilə müqayisə etmək mümkündür. Fərq sadəcə ondadır ki, biri fiziki olaraq bədəni məhv edir, digəri isə ruhumuzu, kimliyimizi, şüurumuzu. Əgər bu zərərli axının qarşısını almasaq, mənəvi mövcudluğumuzu itirmək təhlükəsi ilə qarşı-qarşıya qala bilərik”, - o vurğulayıb.
"Uşaqlar təkcə ailənin deyil, həm də dövlətin, cəmiyyətin gələcəyidir"
Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Report"a bildirib ki, serialların uşaqlar tərəfindən izlənməsi onların yaşına, bilik səviyyəsinə və dünyagörüşünə tam uyğun olmalıdır.
"Əgər bu uyğunluq yoxdursa, belə serialların uşaqlar tərəfindən izlənməsi qətiyyən yolverilməzdir. Uşağın psixoloji inkişafı, şəxsiyyət formalaşması və sağlam düşüncəyə malik vətəndaş kimi yetişməsi baxımından bu məsələ son dərəcə vacibdir. Bundan əlavə, bütün hallarda uşağın saatlarla televizor qarşısında qalması sağlamlıq baxımından zərərlidir. Bu hal xüsusilə də göz sağlamlığına, fiziki və zehni fəaliyyətə mənfi təsir göstərir. Bu səbəbdən valideynlərə tövsiyə olunur ki, övladlarının ekran qarşısında keçirdiyi vaxtı nəzarətdə saxlasınlar və balanslı şəkildə tənzimləsinlər", deputat qeyd edib.
O, təəssüflə televiziya və digər media vasitələrində senzura olmadığını xatırladıb:
"Uşaqların psixologiyasına, estetik zövqünə və milli-mənəvi dəyərlərimizə mənfi təsir göstərə biləcək kifayət qədər veriliş, film, yazı və məzmun mövcuddur. Belə bir mühitdə valideynin məsuliyyəti daha da artır. Valideyn özü övladına bu tip məzmunlara baxmağa imkan verirsə və şərait yaradırsa, bu, nəinki ailə daxilində yanlış bir yanaşmadır, eyni zamanda, cəmiyyətə qarşı da məsuliyyətsizlikdir. Unutmamalıyıq ki, uşaqlar yalnız ailəmizin deyil, həm də dövlətimizin, cəmiyyətimizin sabahı, gələcəyidir. Onların tərbiyəsi və inkişafı üzərimizə düşən müqəddəs bir borcdur. Hər bir valideyn bu məsuliyyəti dərk etməli, yalnız bu gün üçün deyil, gələcək üçün də düşünməlidir. Çünki bu gün formalaşdırdığımız uşaq sabahın vətəndaşı, lideridir.”
Göründüyü kimi, Azərbaycanda da uşaqların televiziya serialları izləmələri, saatlarla telefona baxmaları məsələsi artıq ciddi sosial problem səviyyəsində dəyərləndirilir. Odur ki, birinci növbədə valideyn nəzarəti gücləndirilməli, serialların məzmunu dövlət səviyyəsində nəzarətə götürülməli, yerli maarifləndirici uşaq proqramları hazırlanmalı və valideynlər və uşaqlar mütəmadi olaraq maarifləndirilməlidir. Uşaq tərbiyəsində təsadüfi məzmunlara deyil, məqsədli və milli dəyərlərə söykənən bədii vasitələrə üstünlük verilməlidir.