Son illərdə daha çox gəncdə rast gəlinən aqressiv xərçəng növü – apendisit xərçəngi – tibb mütəxəssislərini ciddi narahat edir.
Bu xəstəliyin dəqiq səbəbi hələ müəyyən edilməyib, lakin yayılma sürəti narahatedici səviyyəyə çatıb.
Y nəslində 4 dəfə daha çox müşahidə olunur
“Annals of Internal Medicine” jurnalında dərc olunan bir araşdırmaya görə, 1980-ci illərdə doğulmuş, hazırda 30-40 yaş arası olan şəxslərdə – yəni Y nəslində – apendisit xərçəngi valideyn nəsilləri ilə müqayisədə 4 dəfə daha çox görülür. Tədqiqat Vanderbilt Universiteti Tibb Mərkəzinin alimləri tərəfindən aparılıb.
Səbəb nədir?
Bu artımın səbəbi hələ dəqiqləşdirilməyib. Lakin mütəxəssislər ehtimal edirlər ki, bu, müasir həyat tərzi, dəyişmiş pəhriz vərdişləri, pozulmuş bağırsaq florası və ətraf mühit faktorları ilə bağlı ola bilər.
Apendisit xərçəngi nədir?
Frankfurt-İnqolştadt Xəstəxanasının məlumatına görə, bu, yoğun bağırsağın nadir və spesifik şiş növüdür. Adətən 50-70 yaş arası insanlarda müşahidə olunur, lakin artıq gənclər arasında da artım müşahidə olunur. Xəstəlik gec diaqnoz olunduğuna görə, çox vaxt artıq metastaz etmiş vəziyyətdə aşkarlanır.
Əlamətləri nələrdir?
Bu nadir xərçəngin əlamətləri digər həzm problemləri ilə qarışdırıla bilər. Aşağıdakı simptomlara qarşı diqqətli olmaq tövsiyə edilir:
-
Sağ alt qarında davamlı və qeyri-müəyyən ağrılar
-
Qarında dolğunluq və təzyiq hissi
-
Bulantı, iştahsızlıq, səbəbsiz çəki itkisi
-
Qəbizlik və ya ishal
-
Daimi yorğunluq və zəiflik
Kimlər risk altındadır?
Risk qrupuna aşağıdakılar daxildir:
-
Genetik meyilli şəxslər
-
Bağırsaq xəstəlikləri keçirmiş olanlar
-
Piylənmədən əziyyət çəkənlər
Gənclərin bu əlamətlərə qarşı daha diqqətli olması vacibdir. Səbəbləri hələ tam aydın olmasa da, tədqiqatçılar bu tendensiyanın artmasından narahatdır və əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
Tərcümə: Könül Oruc