Tibbi xəbərlər
Yaşlılıqda yaranan xəstəliyi orta yaşlarda olarkən aşkarlamaq mümkün olacaq -
Tibbi xəbərlər
109

Yaşlılıqda yaranan xəstəliyi orta yaşlarda olarkən aşkarlamaq mümkün olacaq - Finlandiya alimlərindən yenilik

Alzheimer xəstəliyinin simptomları ortaya çıxmadan onilliklər əvvəl aşkarlanması artıq mümkündür.

E-saglam.az xəbər verir ki, Finlandiyada aparılan genişmiqyaslı araşdırma nəticəsində orta yaşlı insanlarda bu qocalıq xəstəliyini müəyyənləşdirə biləcək bir qan testi hazırlanıb. Alimlər bunu “təməlqoyma” nəticə adlandırırlar.

“Gənc Finlərdə ürək-damar riski” adlı uzunmüddətli tədqiqat çərçivəsində 41-56 yaş arası şəxslərin qan nümunələri analiz edilib. 2051 iştirakçı arasında aparılan testlər göstərib ki, Alzheimerlə əlaqəli beyin biomarkerləri simptomlar hələ başlamadan illər öncə qanda yüksəlməyə başlayır. Bu biomarkerlərin erkən mərhələdə aşkarlanması, risk altında olan insanlara vaxtında müdaxilə imkanı yarada bilər.

Turku Universitetinin alimləri bildirirlər ki, Alzheimer xəstəliyinə hazırda yalnız beyin görüntüləmələri və ya onurğa-beyin mayesinin analizi ilə diaqnoz qoymaq mümkündür. Lakin yeni inkişaf etdirilən ultra həssas texnologiyalar bu biomarkerləri artıq sadə qan testi ilə də müəyyən etməyə imkan verir. Bu isə erkən diaqnostika və profilaktik tədbirlərin görülməsi üçün mühüm addımdır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, bu biomarkerlər irsi ola bilər. Məsələn, analarında yüksək biomarker səviyyəsi olan fərdlərdə də oxşar dəyişikliklər müşahidə edilib. Bu, xəstəliyin genetik ötürülmə ehtimalını bir daha gündəmə gətirir.

Turku Universitetinin mütəxəssisi Suvi Rovio bildirib ki, bu yeni test hələ klinik istifadəyə tam hazır deyil. Onun geniş miqyasda tətbiqi üçün fərqli yaş qruplarında əlavə araşdırmalar və standart istinad dəyərlərinin müəyyən olunması vacibdir.

Tədqiqatda daha bir maraqlı detal isə Alzheimerlə əlaqəli tanınmış APOE ε4 geninin yalnız yaşlı insanlarda biomarker səviyyələrini artırması ilə bağlıdır. 60 yaşdan aşağı insanlarda isə bu genin təsiri hələlik sübut olunmayıb.

Turku Universitetindən Marja Heiskanen isə bu nəticələrin beyin sağlamlığı sahəsində yeni qapılar açdığını deyib: “İndiyədək daha çox yaşlı insanlarda biomarkerlər araşdırılırdı. Bu iş isə orta yaş dövrünə fokuslanaraq mühüm bir boşluğu doldurdu”.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun