Tibbi xəbərlər
Alimlər ürəkdə “aç/bağla” açarı aşkar etdilər –
Tibbi xəbərlər
182

Alimlər ürəkdə “aç/bağla” açarı aşkar etdilər – Bəs bu nə edir?

Arlinqtondakı Texas Universitetinin alimləri bədəndə iltihab artdıqda xolesterol səviyyəsinin niyə nəzarətdən çıxdığını izah edən kritik bir ferment mexanizmi kəşf ediblər. Bu kəşf infarkt, diabet və bir sıra digər xroniki xəstəliklərin qarşısını almaqda mühüm rol oynaya bilər.

E-saglam.az xəbər verir ki, Dr. Subhrangsu S. Mandalın rəhbərlik etdiyi tədqiqat qrupu immun sisteminin makrofaq adlanan hüceyrələrinə fokuslanıb. Alimlər müəyyən ediblər ki, bədəndə iltihab baş verdikdə “IDO1” adlı ferment aktivləşir və bu ferment “kinurenin” adlı maddənin istehsalını artırır. Bu maddə isə makrofaqların xolesterolu normal şəkildə udmasına mane olur.

Ferment bloklananda xolesterol balansı bərpa olunur

Tədqiqatın ən mühüm nəticələrindən biri isə IDO1 fermenti bloklandıqda makrofaqların xolesterolu yenidən sağlam şəkildə emal edə bilməsidir. Dr. Mandal bu mexanizmi “on/off açarı” kimi xarakterizə edərək deyib:

“Bu, iltihabla əlaqəli xəstəliklərin əsasını hədəfləyən bir açar ola bilər. IDO1-in bloklanması yalnız xolesterol səviyyəsini normallaşdırmaqla qalmır, həm də ürək xəstəlikləri, diabet, xərçəng və nevroloji xəstəliklərə qarşı qoruyucu təsir göstərə bilər”.

Yeni dərmanlara yol açan digər ferment – NOS

Alimlər tədqiqat zamanı “azot oksid sintaza” (NOS) adlı digər bir fermentin də IDO1-in mənfi təsirini artırdığını müəyyən ediblər. Beləliklə, həm IDO1, həm də NOS fermentlərini hədəf alan yeni nəsil dərmanların hazırlanması iltihabla əlaqəli xolesterol pozğunluqlarının müalicəsində inqilabi dəyişikliklərə səbəb ola bilər.

Hazırda tədqiqat qrupu bu fermentlərin fəaliyyətini təhlükəsiz şəkildə bloklaya biləcək dərman mexanizmləri üzərində işləyir. Layihəyə doktorantlar, magistrantlar və gənc tədqiqatçılar da cəlb olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun