Tibbi xəbərlər
Ananın yaşının uşaqların sağlamlığına necə təsir etdiyi
Tibbi xəbərlər
124

Ananın yaşının uşaqların sağlamlığına necə təsir etdiyi müəyyən olunub

40 yaşdan yuxarı qadınlar arasında doğuşların sayı artsa da, yeni araşdırma göstərib ki, ananın yaşı artdıqca, yenidoğulmuşda ağır fəsadların riski də yüksəlir. Xüsusilə bu risk 45 yaşdan yuxarı qadınlarda daha aydın görünür.

E-saglam.az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri "Acta Paediatrica" jurnalında dərc edilib.

Alimlər 2010-2022-ci illər arasında 312 min 221 doğuşun məlumatlarını təhlil ediblər. Tədqiqata yalnız 34 yaşdan yuxarı qadınların bir uşaqla baş tutan doğuşları daxil edilib. Anaların yaşı üzrə üç qrup müəyyən olunub: 35-39 yaş (nəzarət qrupu), 40-44 yaş və 45 yaşdan yuxarı.

"Ümumilikdə ağır doğuş fəsadları nadir hallarda müşahidə olunur. Lakin 40 yaşdan yuxarı anaların uşaqlarında erkən doğuş, aşağı doğum çəkisi, aşağı qan şəkəri və hətta ölü doğum kimi hallar daha çox rast gəlinir", - deyə tədqiqatda bildirilib.

Məsələn, 45 yaşdan yuxarı qadınlarda ölü doğum halları 0,83% təşkil edib ki, bu da 35-39 yaş qrupuna (0,42%) nisbətən iki dəfə çoxdur. Erkən doğuş halları da yaş artdıqca artır: 35-39 yaşlı qadınlarda 4,8%, 40-44 yaşlılarda 6,1%, 45 yaşdan yuxarı qadınlarda isə 8,4%.

"Qadınların hamiləliyi planlaşdırarkən obyektiv məlumatlar alması vacibdir. Bu, şüurlu seçim etməyə və mümkün riskləri azaltmağa imkan verəcək", - deyə araşdırmada vurğulanıb.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun