SM-Clinic tibb mərkəzinin kardioloqu və somnoloqu Nataliya Zolotareva bəzi insanlarda yay aylarında qəfil yuxu problemlərinin yaranmasının səbəblərini izah edib.
E-saglam.az xəbər verir ki, o, bu barədə Lenta.ru-ya danışıb.
İstilik bədəni "soyumağa" qoymur
Zolotarevanın sözlərinə görə, yayda yuxusuzluğun əsas səbəblərindən biri termorequlyasiya prosesinin pozulmasıdır. "İnsanın dərin yuxuya getməsi üçün bədən istiliyinin təxminən 0,5–1 dərəcə azalması lazımdır. Ancaq isti havalarda bu proses baş vermir, çünki bədən artıq istiliyi çölə ötürə bilmir. Nəticədə yuxu dayaz və fasiləli olur", – deyə o bildirib.
Melatonin çatışmazlığı da rol oynayır
Həkim əlavə edib ki, yay gecələrinin havasız və işıqlı olması melatonin hormonunun istehsalına da mənfi təsir göstərir. Bu hormon yalnız sərin və qaranlıq mühitdə yaxşı ifraz olunur. "Xüsusilə şəhərlərdə küçə işıqları melatoninin istehsalını zəiflədir və beyin 'yatmaq vaxtıdır' siqnalını tam ala bilmir", – deyə o xəbərdarlıq edib.
Gündüzlərin uzanması da yuxunu poza bilər
Zolotareva bildirib ki, yayda günlərin uzun olması sirkadiyalı ritmləri də poza bilər. Bundan əlavə, isti hava insanın rahatlamasına və yuxuya getməsinə mane olur. Bütün bu amillər birlikdə yuxunun keyfiyyətini aşağı salır və yayda yuxusuzluq hallarını artırır.
Tərcümə: Könül Oruc