Tibbi xəbərlər
Antibiotiklərə davamlı bakteriyalar sürətlə yayılır:
Tibbi xəbərlər
117

Antibiotiklərə davamlı bakteriyalar sürətlə yayılır: Avropanın 11 ölkəsində görüldü

Yeni bir elmi araşdırma antibiotiklərə davamlı MRSA bakteriyasının Avropanın ən azı 11 ölkəsində yayıldığını təsdiqləyib. Səhiyyə mütəxəssisləri bu tendensiyanı qlobal təhlükə adlandıraraq ciddi xəbərdarlıq ediblər.

E-saglam.az xəbər verir ki, MRSA (Metisillinə davamlı Staphylococcus aureus) 2019-cu ildə dünya üzrə 100 mindən çox insanın ölümünə səbəb olub.

Yeni bakterial ştamm: uşaqlarda ciddi infeksiya riski

Danimarkadakı Statens Serum İnstitutunun (SSI) apardığı araşdırma zamanı məlum olub ki, yeni MRSA ştammı uşaqlarda impetiqo adlanan dəri infeksiyasına səbəb olur və ailə üzvləri arasında sürətlə yayılır. 2023-cü ildə 32 uşaq və onların ailəsində bakterial yaralar müşahidə edildikdən sonra bu yeni ştammın yayılmasından şübhələnilmişdi. Oxşar epidemiya 2024-cü ildə ölkənin başqa bölgəsində də qeydə alınıb.

Araşdırmaya rəhbərlik edən MRSA mütəxəssisi Andreas Petersen bildirib ki, yeni ştamm 2014-cü ildə Almaniya və Hollandiyada müşahidə olunan bakterial klonla eyni genetik quruluşa malikdir. O, əlavə edib ki, bu növün xüsusilə 2-5 yaşlı uşaqlarda tez-tez rast gəlinən, burun və ağız ətrafında yaranan partlayan yaralara səbəb olan impetiqo ilə genetik oxşarlığı var.

Müalicəyə qarşı davamlılıq vəziyyəti çətinləşdirir

Ənənəvi olaraq impetiqo xəstəliyi fusidik turşulu antibiotik kremlərlə müalicə olunur. Lakin yeni MRSA ştammı bu dərmana qarşı da müqavimət göstərir. Tədqiqatçılar bu halın bakteriyanın yayılmasını daha da asanlaşdırdığını və müalicəni çətinləşdirdiyini bildiriblər. “Biz düşünürük ki, bu bakteriyanın virulentlik genləri və fusidinə qarşı davamlılığı onun uğurla yayılmasında əsas rol oynayır”, – deyə Petersen vurğulayıb.

Xəstəxanalardan cəmiyyətə yayılan təhlükə

Mütəxəssislər qeyd edirlər ki, MRSA artıq təkcə xəstəxana infeksiyası deyil, cəmiyyət daxilində də aktiv şəkildə yayılır. Bu isə vəziyyəti nəzarətdə saxlamağı daha da çətinləşdirir. Tədqiqatçılar Avropa ölkələrindəki həkimləri yeni ştammın mövcudluğuna dair ayıq-sayıq olmağa çağırıblar.

Yeni MRSA ştammı Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, Lüksemburq, Hollandiya, Norveç, İspaniya, İsveç və Böyük Britaniyada artıq aşkar edilib. Yalnız 2022-ci ildə bu ölkələr antibiotikə davamlı infeksiyalarla mübarizə üçün təxminən 13,3 milyard dollar xərcləyib.

Qlobal təhlükə: 39 milyon insan riski altında

Mütəxəssislərin proqnozlarına görə, MRSA bakteriyasının yayılması nəzarətdən çıxarsa, qarşıdakı 25 il ərzində bu infeksiya dünya üzrə 39 milyondan çox insanın ölümünə səbəb ola bilər. Bu səbəbdən də antibiotik istifadəsi və infeksiyalara nəzarət məsələsində ciddi beynəlxalq koordinasiya və tədbirlərə ehtiyac olduğu bildirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun