Yay aylarında arıqlamaq istəyənlərin sayı artır və buna paralel olaraq “arıqlama çayı” adı ilə bazara çıxarılan məhsullara maraq çoxalır.
E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məhsulların həkim nəzarəti olmadan və icazəsiz şəkildə istifadəsi ciddi sağlamlıq problemlərinə, hətta ölümcül nəticələrə səbəb ola bilər.
Bitki mənşəli məhsullar ümumiyyətlə təbii və təhlükəsiz hesab olunsa da, doğru şəraitdə hazırlanmadıqda, dozaya riayət edilmədikdə və həkim məsləhəti olmadan istifadə edildikdə sağlamlığa zərər verə bilər. Mütəxəssislər bildirirlər ki, internet üzərindən satılan, təsdiqlənməmiş və gigiyenik şəraiti bilinməyən məhsulların istifadəsi geri dönməz fəsadlara yol aça bilər.
Qeyd olunur ki, bəzi təbii toxumlar və qida əlavələri – məsələn, kətan toxumu, çia toxumu və yulaf əzməsi – düzgün və balanslı şəkildə istifadə olunduqda maddələr mübadiləsini sürətləndirə və toxluq hissi yaradaraq pəhriz proqramını dəstəkləyə bilər. Ancaq bu məhsulların belə həddindən artıq və ya təsdiqlənməmiş formalarda istifadəsi zərərlidir.
Mütəxəssislər vətəndaşlara məsləhət görürlər ki:
– İstifadə etdikləri məhsulların rəsmi qurumlar tərəfindən təsdiqlənib-təsdiqlənmədiyini yoxlasınlar.
– Reklamlara aldanaraq təsdiqlənməmiş arıqlama vasitələrindən istifadə etməsinlər.
– Bitki mənşəli olsa belə, hər bir məhsulu həkim nəzarəti ilə istifadə etsinlər.
Unutmaq olmaz ki, sağlam şəkildə çəki itirmək üçün düzgün qidalanma, fiziki aktivlik və mütəxəssis məsləhəti ilə tətbiq olunan planlar ən təhlükəsiz və davamlı yoldur. Hazır “möcüzə” çaylara güvənmək əvəzinə, təbii və balanslı üsullara üstünlük verilməlidir.
Tərcümə: Könül Oruc