Aybaşı ləngiməsi orqanizmdəki fizioloji dəyişikliklərin nəticəsi və həmçinin cinsi və ya digər orqanların xəstəliklərinin ("ekstragenital patologiyalar") təzahürü ola bilər.
E-saglam.az xəbər verir ki, normalda hamiləlik dövründə menstruasiya baş vermir. Doğuşdan sonra da menstruasiya dərhal bərpa olmur və bu əsasən qadında laktasiyanın olub-olmamasından asılıdır. Hamiləliyi olmayan qadınlarda, tsiklin uzanması perimenopauzanın (klimaks) bir əlaməti ola bilər. Həmçinin, əgər digər pozğunluqlar olmazsa, qız uşaqlarında yeni başlayan aybaşı tsiklinin qeyri-düzgün olması normal sayılır.
Menstrual tsiklin pozulmasına səbəb olan funksional pozğunluqlara - stress, intensiv fiziki gərginlik, sürətli çəki itkisi, keçirilmiş infeksiya və ya digər kəskin xəstəliklər, iqlim dəyişiklikləri aiddir.
Ginekoloji xəstəliklərdən, xüsusilə, yumurtalıqların polikistozundan əziyyət çəkən pasientlərdə gecikmə ilə gedən qeyri-requlyar menstruasiya tez-tez rast gəlinir. Bundan başqa, belə bir simptom, reproduktiv orqanların iltihabi xəstəliklərindən, histeroskopiyadan, abort və ya diaqnostik qaşınmadan sonra meydana çıxa bilər. Yumurtalıqların disfunksiyası hipofiz vəzin və qadının hormonal fonunu tənzimləyən digər orqanların patologiyasında mümkündür.
Menstrual tsiklin pozulması ilə müşayiət olunan somatik xəstəliklərdən, piylənməni qeyd etmək lazımdır./doctorramila.az