Sağlamlıq
Bakteriya yuvası:
Sağlamlıq
84

Bakteriya yuvası: illərdir corabları səhv yuyuruq

Gərgin gündəlik həyatın təlaşında sadə gigiyena vərdişləri bəzən unudulur. Kiçik bir detal kimi görünən corablar əslində düzgün yuyulmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Leicester Universitetinin mikrobioloqu Dr. Primrose Freestone xəbərdarlıq edir ki, corablar bakteriya və göbələklər üçün ideal çoxalma yeridir.

Mütəxəssisin sözlərinə görə, corablar ən azı 60°C temperaturda və ferment tərkibli yuyucu vasitə ilə yuyulmalıdır. Bu, insan ayaqları üzərində yaşaya bilən zərərli mikroorqanizmləri məhv etmək üçün vacibdir. Paltaryuyan maşın bu temperaturu təmin etmədikdə, buxarlı ütüdən istifadə tövsiyə olunur.

Freestone qeyd edir: “Yüksək temperatur və fermentlər corabların dərinliyindəki bakteriya və göbələkləri çıxarmağa kömək edir. Hətta atlet ayağı və ziyil virusları belə bu üsulla məhv edilə bilər.”

Ayaqlar bədənin ən çirkli hissələrindən biridir. Bütün günü ayaqqabıda qalan ayaqlar isti, nəmli və qaranlıq bir mühitdə olduqları üçün mikrob çoxalması üçün əlverişlidir. Dərinin hər kvadrat santimetrində 10-100 milyon mikrob hüceyrəsi ola bilər. Corablar isə torpaq, toz, ev heyvanları və su ilə təmasda olduqları üçün bu mikrobları özlərinə hopdururlar.

Tədqiqatlar göstərir ki, 12 saatlıq geyinmədən sonra corablar insanın geyindiyi ən çox mikrob yığan geyim əşyasına çevrilir. Onların tərkibində 1000-dən çox növ mikrob ola bilər. Bunlara Candida, Staphylococcus, Aspergillus, Histoplasma və Cryptococcus daxildir. Stafilokok bakteriyaları dəri infeksiyaları və hətta qan zəhərlənməsinə, Aspergillus isə tənəffüs xəstəliklərinə səbəb ola bilər.

Freestone bildirir ki, yuyulmamış corablar ziyil və göbələk kimi yoluxucu dəri xəstəliklərini başqalarına da keçirə bilər. Xəstəxanalarda aparılan araşdırmalar göstərib ki, xəstələrin corabları mikrobları çarpayılara daşıya və antibiotikə davamlı bakteriyalar yayə bilər.

“Corablarınızı hər gün dəyişin və isti suda, mümkün qədər antibakterial vasitələrlə yuyun” – deyə Dr. Freestone tövsiyə edir. O, əlavə edir ki, standart 30-40°C temperaturda yuma kifayət etmir, çünki bəzi bakteriyalar bu şəraitdə sağ qala bilir.

“Mən corablarımı yüksək temperaturda yuyuram və sonra isti ütü ilə ütüləyirəm. Corablarım ayaqlarım qədər təmiz olur,” – deyə o, sözlərini tamamlayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun