Qastroenteroloq Yelena Butenko istidə pivə içərək sərinləməyə çalışmanın sağlamlıq üçün zərərli olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, o, "Gazeta.Ru"ya verdiyi müsahibədə bu vərdişin mənfi nəticələrindən danışıb.
Butenko izah edib ki, az miqdarda spirt belə damar sisteminə təsir edir. Əvvəlcə etanol qan dövranını sürətləndirir, ürək ritmini artırır və damarları genişləndirərək insanda istidən qurtulma hissi yaradır. Lakin sonra damarlar spazm keçirir və daxili orqanlarda qan dövranı pozulur.
Mütəxəssis xəbərdarlıq edib ki, pivə və digər spirtli içkilər əslində bədəni sərinləmir. Əksinə, baş ağrısı və ümumi narahatlıq hissi yarada bilər ki, bu da isti havada vəziyyəti daha da ağırlaşdırır.
Butenko əlavə edib ki, alkoqol bədəni isitmək üçün də yararsızdır. Spirt qanı dərialtı qatlardakı damarlara yönləndirir və qısa müddətli istilik hissi yaratsa da, bu təsir tez keçib hipotermiyaya səbəb ola bilər. Dərinin temperatur dəyişikliklərinə reaksiyası zəiflədiyi üçün təhlükə daha da artır.
Yekun olaraq həkim bildirib: istidə pivə içərək sərinləməyə çalışmaq nə effektlidir, nə də təhlükəsiz. Bu vərdişdən çəkinmək vacibdir.
Tərcümə: Könül Oruc