Çoxlarının həkimə getməyə utandığı babasil (hemorroy) - insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir.
E-saglam.az-ın xəbərinə görə, bu sözləri ümumi cərrah, proktoloq, Tibb Elmləri üzrə fəlsəfə doktoru Anar Əliyev deyib.
Onun sözlərinə görə, hemorroy - düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsidir ki, bu da insanların yaşam keyfiyyətini nəzərə çarpacaq dərəcədə aşağı salır:
"Düz bağırsaq xəstəlikləri son zamanlar artmaqda davam edir. Bu xəstəliklər arasında babasil (hemorroy) üstünlük təşkil edir. Düz bağırsaq sahəsi ilə məşğul olan elmə proktologiya, bu sahə mütəxəssisi isə Proktoloq adlanır. Çox təəssüflə qeyd etməliyəm ki, proktoloq həkimə xəstə gec müraciət edir. Səbəb kimi xəstələrdə utancaqlıq hissi, bu sahə mutəxəsislərinin tanımamaqları, digər ixtisas həkimlərinə müraciət etmələridir. Təbii ki, bu da xəstəliyin ağırlaşmasına gətirib çıxarır".
- Babasil nəyin nəticəsində yaranır və yaranma faktorları nələrdir?
- Babasil (Hemorroy) xəstəliyi anal nahiyyədə şişkinliyin yaranması, defekasiya aktından sonra qanaxmanın olmasıdır. Yaranma səbəbi qəbizlik, diareya, çox oturma, ağır yük qaldıran insanlar, hamilə qadınlarda və doğuş zamanı ola bilər.
- Ən çox kimlər arasında rast gəlinir?
- Daha çox qadınlarda, xüsusilə hamiləlik, doğuş keçirmiş qadınlarda daha çox rast gəlinir.
- Nə zaman proktoloqa müraciət olunmalıdır?
- Əgər anal nahiyyədə şişkinlik varsa, nəcis ifrazı zamanı qan olursa, anal qaşınmalar, göynəmələr, ağrılar varsa - Proktoloq həkimə muraciət olunmalıdı.
- Hemorroyun qarşısını almaq üçün nələrə riayət olunmalıdır?
- Babasil xəstəliyinin profilaktikası üçün (qarşısını almaq üçün) qida rejiminə əməl olunmalı, belə ki "fastfood" və quru qidalar azaldılmalı, alkaqollu, qazlı içkilər az miqdarda qəbul olunmalıdır.