Yay aylarının sevilən dadı olan dondurma düzgün istehlak edilmədikdə sağlamlıq üçün zərərli ola bilər.
E-saglam.az xəbər verir ki, diyetoloq Edanur Usta xəbərdarlıq edir ki, tərkibində qlükoza siropu və doymuş yağ olan dondurmalar insulin müqaviməti və piylənmə riskini artıra bilər.
Əridilmiş dondurmanı yenidən dondurmayın
Usta bildirir ki, bir dəfə ərimiş dondurma yenidən dondurulmamalıdır. Bu, sağlamlıq üçün təhlükəli ola bilər. Dondurma daim -18°C-də saxlanmalıdır.
Dondurmanın faydaları da var
Təbii inqrediyentlərlə hazırlanan dondurma – süd, şəkər və salep əsaslı olanlar – uşaqlar üçün yaxşı kalsium mənbəyidir. Həmçinin A, D, B12 vitaminləri və bir sıra minerallarla zəngindir. Amma porsiyalara diqqət etmək vacibdir.
Bəzi dondurmalar zərərli ola bilər
Qablaşdırılmış dondurmalarda çox vaxt yüksək miqdarda şəkər, qlükoza siropu və süni qatqılar olur. Bu isə artıq kalori və şəkər qəbuluna səbəb olur. Buna görə məhsulun etiketini oxumaq önəmlidir.
Dondurma əhvalı da yaxşılaşdırır
Dondurmanın südlə zəngin tərkibi beyində "xoşbəxtlik hormonları" olan serotonin və dopaminin artmasına səbəb olur. Bu da dondurmanı yalnız dadlı deyil, psixoloji cəhətdən də faydalı edir.
Evdə sağlam dondurma hazırlayın
Diyetoloq Edanur Usta tövsiyə edir ki, evdə dondurulmuş meyvələri qatıq, süd və ya qaymaqla qarışdıraraq, bal və ya təbii ədviyyatlarla dadlandırıb sağlam alternativ hazırlamaq mümkündür.
Tərcümə: Könül Oruc