Əlamətlər 17 yaşında başlayıb
Pekindəki yaddaş klinikasında həkimlər iki il ərzində apardıqları müşahidə və testlərdən sonra bu diaqnozu təsdiqləyiblər. Gənc ilk olaraq dərsdə diqqətini toplamaqda çətinlik çəkdiyini hiss edib. Sonra qısa müddət ərzində yaddaş problemləri, əşyaları tez-tez itirmə və oxumaqda çətinliklər yaranıb. Zamanla bir gün əvvəl baş verənləri belə xatırlaya bilməyib.
Beyin müayinələri Alzheimeri təsdiqləyib
Görüntüləmələr zamanı öyrənmə və yaddaşla bağlı hipokampus bölgəsində kiçilmə müəyyən edilib. Onurğa mayesində isə Alzheimerə xas biomarkerlər aşkarlanıb. Bu nəticələr diaqnozu gücləndirib.
Nə genetik pozuntu, nə də ailə tarixi var
Alzheimer əsasən yaşlı insanlarda, xüsusilə 65 yaşdan sonra görülür. 30 yaşdan aşağı hallara nadir rast gəlinir və çox vaxt genetik mutasiyalarla bağlı olur. Amma bu gəncdə aparılan testlərdə heç bir genetik səbəb tapılmayıb. Ailəsində də belə xəstəliklər olmayıb.
Yaddaş testləri ağır nəticə verib
Gəncə tətbiq edilən koqnitiv testlərdə dərhal yaddaş göstəricisi yaşıdlarından 87%, ümumi yaddaş göstəricisi isə 82% aşağı olub. Bu, xəstəliyin təsirini açıq şəkildə göstərib.
Mütəxəssislər: Alzheimer təkcə yaşlılara aid deyil
Diaqnozu qoyan professor Jianping Jia bildirib ki, bu hadisə Alzheimer xəstəliyinə baxışımızı dəyişməlidir. “Bu, xəstəliyin təkcə yaşlılarda deyil, nadir də olsa, gənclərdə də rast gələ biləcəyini göstərir,” – deyə o qeyd edib.
Araşdırma elmi jurnalda dərc olunub
Bu nadir hadisə 2023-cü ildə “Alzheimer’s Disease Journal”da dərc olunub. Alimlər hesab edir ki, bu cür hallar xəstəliyin molekulyar səviyyədə daha dərindən başa düşülməsinə və yeni müalicə yollarının inkişafına kömək edə bilər.
Uzmanlardan xəbərdarlıq
Mütəxəssislər bildirir ki, gənclərdə diqqət çatışmazlığı, unutqanlıq və idrakın zəifləməsi kimi əlamətlər təkcə stresslə bağlı olmaya bilər. Belə hallarda vaxtında həkimə müraciət etmək vacibdir.