Havaların tez-tez dəyişməsi insan sağlamlığına mənfi təsir edir.
Bu barədə E-saglam.az-a Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çünki insan orqanizmi bu dəyişikliyə tez bir zamanda alışa bilmir və bu da istər-istəməz sağlamlığa təsir edir. Havaların birdən-birə soyuması insan orqanizminin müqavimətinin aşağı düşməsinə səbəb olur.
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynovanın sözlərinə görə, havaların kəskin dəyişilməsindən ən çox azyaşlı uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olanlar əziyyət çəkirlər:
“Bəzi xəstəliklər var ki, xüsusən də ürək qan-damar sistemi, arterial hipertoniya, endokrin, yuxarı tənəffüs yolu infeksiyaları kimi xəstəliklər fəsil dəyişkənliyi dövrlərində daha həssas olur. Bu səbəbdən, xroniki xəstəlikdən əziyyət çəkən insanların həkim nəzarətində qalması tövsiyə olunur. İmmun sistemini maksimum güclü saxlamaq lazımdır. Güclü immun sistemi üçün isə yuxu və qidalanma rejimi çox vacibdir. Qidalanma rejimi dedikdə tam balanslı qidalanma nəzərdə tutulur. Yəni mövsümə uyğun qidalanmaq lazımdır. Hazır qidalardan mümkün qədər az istifadə etmək tövsiyə olunur. Hər hansı bir əks göstəriş yoxdursa, gün ərzində 2,5 litr su içilməsi vacibdir”.