Ciddi beyin problemləri sadə bir hərəkətlə aşkar edilə bilər.
E-saglam.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Medifectious təxəllüsü ilə tanınan britaniyalı həkim məlumat verib.
Başlamaq üçün bir əlinizi ovucunuzu yuxarı tutaraq qabağa uzadın. Digər əlinizin ovucu ilə birinci əlin üzərində sürətlə yuxarı-aşağı hərəkətlər edin. Bu hərəkəti sonra digər əlinizlə də təkrarlayın. Əgər bu məşqi yerinə yetirməkdə çətinlik yaşanırsa, bu, koordinasiya pozğunluğu olan disdiadokokinezi əlaməti ola bilər.
Disdiadokokinezi adətən beyincik (serebellum) disfunksiyası ilə əlaqələndirilir. Beyincik bədənin hərəkət və tarazlıq funksiyalarına cavabdehdir. Bu bölgənin zədələnməsi isə çox vaxt beyin şişləri, multiple skleroz və ya digər nevroloji xəstəliklərlə əlaqəli olur.
Mütəxəssislər bildirirlər ki, beyin şişlərinin ən çox rast gəlinən simptomları arasında şişin böyüməsi ilə bağlı yaranan baş ağrıları, yuxululuq, qusma və görmə pozğunluqları yer alır. Bu əlamətlər kəllədaxili təzyiqin artmasından qaynaqlanır. Bundan əlavə, psixi və davranış dəyişikliyi, bədənin bir tərəfində zəiflik, görmə və nitq pozğunluqları da beyin şişinin digər mümkün əlamətləri sırasında göstərilir.
Tərcümə: Könül Oruc