30 yaşlı riyaziyyat müəllimi Beth Ferguson sol döşündə kiçik bir şiş hiss etdikdən sonra həkimə müraciət etsə də, simptomlar əvvəlcə ciddi qəbul edilmədi.
E-saglam.az xəbər verir ki, gənc yaşda və ailəsində döş xərçəngi tarixi olmadığı üçün narahatlıqlarının şişdən qaynaqlanmadığı bildirildi. Lakin aylar sonra ona aqressiv döş xərçəngi diaqnozu qoyuldu.
2022-ci ilin martında duş qəbul edərkən döşündə yumşaq və hərəkətli bir kütlə hiss edən Ferguson ailə həkiminə müraciət etdi. Mütəxəssislər onun yaşı və ümumi sağlam durumu səbəbilə kütlənin zərərsiz olduğunu düşündülər. Ferguson klinik müşahidəyə alındı, lakin şikayətləri davam etdi.
2023-cü ilin avqustunda şişin böyüdüyünü hiss edən Ferguson yenidən müayinəyə getdi və bu dəfə Qlazqodakı Gartnavel Xəstəxanasına yönləndirildi. Aparılan müayinələr nəticəsində ona “üçlü mənfi döş xərçəngi” diaqnozu qoyuldu. Bu növ xərçəng 40 yaşdan aşağı qadınlarda az rast gəlinən, lakin daha sürətli yayılan formadır.
Müalicəyə cəmi iki ay sonra başlayan Ferguson kimyaterapiya müddətində belə dərs deməyə və idmanla məşğul olmağa davam etdi. 2024-cü ilin martında məmə rekonstruksiyası əməliyyatı keçirdi. Ancaq müalicə zamanı o daha bir çətin qərarla üzləşdi: yumurtalıqların funksiyasını qorumaq üçün onların müvəqqəti bağlanması və yumurtaların dondurulması. Bu səbəblə Ferguson müvəqqəti menopauzaya girdi.
Mütəxəssislər xəbərdarlıq edir: döşdə aşkarlanan istənilən dəyişiklik ciddi şəkildə qiymətləndirilməli və vaxtında tibbi müayinələr aparılmalıdır. Xüsusilə gənc yaşda olmasına baxmayaraq, döş xərçəngi riski az deyil və erkən diaqnoz həyati əhəmiyyət daşıyır.
Tərcümə: Könül Oruc