Alimlər bildirirlər ki, zəkanın 40-60 faizi genetikdir və bu genlərin böyük hissəsi anadan miras alınır.
E-saglam.az-ın məlumatına görə, X xromosomunda yerləşən intellekt genləri göstərir ki, analar övladlarının həm genetik, həm də emosional olaraq zehni inkişafında əsas rol oynayırlar. Lakin atalar da uşağın potensialının formalaşmasında mühüm pay sahibidir.
Qadınlarda iki X xromosomu olduğundan, zəka genlərini uşaqlarına ötürmə ehtimalları kişilərə nisbətən daha yüksəkdir. Kişilərdə isə yalnız bir X xromosomu mövcuddur. Qlazqo alimləri müəyyən ediblər ki, atadan gələn bəzi idrak funksiyası genləri bəzən zəif təsir göstərə bilir.
Laboratoriya təcrübələri
Geni dəyişdirilmiş siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, çoxlu ana geni daşıyan siçanların beyni daha böyük, bədəni isə daha kiçik olur. Daha çox ata geni daşıyanlarda isə əksinə – beyin kiçik, bədən böyük inkişaf edir. Ana genləri əsasən düşünmə, anlama, dil və planlaşdırma ilə əlaqəli beyin qabığında, ata genləri isə təcavüz, qidalanma və cinsi instinktlərlə bağlı limbik sistemdə toplanır.
Uzunmüddətli tədqiqat nəticələri
1994-cü ildən etibarən 14-22 yaş arası 12.686 gənc üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, ananın IQ göstəricisi uşağın intellektinin ən güclü proqnozvericisidir. Təhsil səviyyəsi, sosial vəziyyət və digər amillər nəzərə alınsa belə, bu nəticə dəyişməyib.
Genetika hər şey deyil
Zəkanın yalnız 40-60 faizi genetikdir, qalan hissəsi ətraf mühit amillərinin təsirindən formalaşır. Ananın övladı ilə emosional bağlılığı və dəstəyi, onun yaddaş və öyrənmədən məsul hipokampus bölgəsinin inkişafına müsbət təsir göstərir. Vaşinqton Universitetinin tədqiqatına görə, anaları ilə isti münasibətdə böyüyən uşaqların hipokampusu orta hesabla 10 faiz daha böyük olur.
Ataların rolu
İntellekt genlərinin çoxu anadan gəlsə də, atalar da emosional dəstək, davranış nümunəsi və motivasiya ilə övladlarının idrak inkişafına əhəmiyyətli təsir göstərə bilərlər.
Tərcümə: Könül Oruc