Tibbi xəbərlər
Kontakt linzalarla çimmək gözünüzə ciddi zərər verə bilər -
Tibbi xəbərlər
168

Kontakt linzalarla çimmək gözünüzə ciddi zərər verə bilər - Ekspertdən vacib xəbərdarlıq

Karadeniz Texniki Universitetinin professoru, göz mütəxəssisi Hidayət Erdöl yay mövsümündə kontakt linzalardan istifadəyə dair önəmli xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, dənizdə və hovuzda kontakt linzalarla çimmək göz sağlamlığı üçün ciddi infeksiya riski yaradır.

“Linzalar gigiyenaya qarşı çox həssasdır”

Prof. Dr. Erdöl, kontakt linzaların rahat görmə təmin etdiyinə görə tez-tez üstünlük verildiyini qeyd etsə də, istifadəsində gigiyena və təmizlik məsələlərinin son dərəcə vacib olduğunu vurğulayıb:

“Əgər linzalar düzgün təmizlənməzsə, özləri infeksiya mənbəyinə çevrilə bilər. Xüsusilə gecə yatmazdan əvvəl linzaların çıxarılması vacibdir.”

Linzalarla dənizə və hovuza girməyin!

Erdöl yay mövsümündə linzalarla suya girməyin riskinə də toxunaraq bildirib:

“Kontakt linzalarla dəniz və ya hovuz suyuna daxil olmaq infeksiya və müxtəlif mikroorqanizmlərin birbaşa gözə keçməsinə səbəb ola bilər. Bu isə son dərəcə təhlükəli və çətin müalicə olunan infeksiyalara yol aça bilər.”

Uzun müddət istifadə – ciddi risk faktoru

Bəzi insanların linzaları uzun müddət – həftələrlə dəyişmədən istifadə etməsinə də toxunan Erdöl əlavə edib ki, kontakt linzaların dəyişmə müddətlərinə əməl olunmaması göz infeksiyalarının yaranma riskini artırır.

Toz, allergen, günəş şüaları – yay mövsümündə diqqət

Yay aylarında açıq havada daha çox vaxt keçirildiyini deyən mütəxəssis, toz, torpaq və çiçək tozlarının linzaların üzərinə yapışaraq allergik reaksiyalara səbəb ola biləcəyini də vurğulayıb. Bu səbəbdən gündəlik istifadə üçün nəzərdə tutulan linzaların daha təhlükəsiz seçim olduğunu bildirib.

Gözləri günəşdən qorumağı unutmayın

Prof. Dr. Erdöl eyni zamanda günəş şüalarının da göz üçün zərərli olduğunu bildirib:

“Ultrabənövşəyi şüalar birbaşa göz qişasına təsir edir. Dağlıq, qarlı və ya sahil bölgələrində mütləq UV filtri olan eynəklərdən istifadə edilməlidir. Gözlərinizi günəş işığından qorumaq, həm sağlamlıq, həm də komfort baxımından çox önəmlidir”.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun