Metan qazı (CH₄) tərkibində bir karbon və dörd hidrogen atomu olan rəngsiz, qoxusuz və asan alışan bir qazdır.
E-saglam.az xəbər verir ki, atmosferdə az miqdarda olsa da, güclü istixana effekti yaradan qazlardan biridir. Tədqiqatlara görə, karbon qazından təxminən 25 dəfə daha güclü təsirə malikdir.
Metan qazı necə yaranır?
Metan həm təbii, həm də insan fəaliyyəti nəticəsində əmələ gəlir:
Təbii mənbələr:
-
Bataqlıqlar, göllər və oksigensiz (anaerob) mühitlərdə orqanik maddələrin parçalanması ilə
-
Yeraltı təbii qaz və neft yataqlarında (metan təbii qazın əsas komponentidir)
-
Gövşəyən heyvanların (məsələn, inək, qoyun) həzm sistemində
İnsan fəaliyyəti ilə bağlı mənbələr:
-
Kənd təsərrüfatı: Pirinç sahələri, gübrələrin idarə olunması
-
Bərk tullantı poliqonları: Zibilliklərdə orqanik tullantıların parçalanması
-
Enerji sektorunda: Kömür və təbii qaz hasilatı və istifadəsi zamanı
Metan qazı necə zəhərləyir?
Metan özü toksik deyil, yəni birbaşa orqanizmə zərər vermir. Lakin qapalı və havasız yerlərdə metan yığıldıqda oksigenin yerini tutaraq "hipoksiya" — yəni oksigen çatışmazlığına səbəb olur. Bu zaman insan boğulma riski ilə üzləşə bilər.
Metan qazı zəhərlənməsinin əlamətləri:
-
Başgicəllənmə
-
Baş ağrısı
-
Halsızlıq və yorğunluq
-
Bulantı
-
Nəfəs darlığı
-
Şüur itməsi
-
Uzun müddət məruz qalma halında ölüm riski
Metan qoxusuz olduğu üçün insan onu hiss etmir, bu da onu daha təhlükəli edir. Qazın yüksək səviyyədə olduğu mühitdə əlamətlər qəfil və sürətlə ortaya çıxa bilər. Bu səbəbdən havalandırılması zəif olan sahələrdə qaz sızmalarına qarşı xəbərdarlıq cihazlarının olması həyati əhəmiyyət daşıyır.
Tərcümə: Könül Oruc