Tibbi xəbərlər
Nəfəs texnikaları: stressi azaltmağın və sinir sistemini
Tibbi xəbərlər
169

Nəfəs texnikaları: stressi azaltmağın və sinir sistemini tənzimləməyin sadə yolu

Müasir həyat tərzi, yüksək stress və gündəlik gərginlik insan sağlamlığına birbaşa təsir edir. Bu vəziyyətdə sadə, lakin effektiv üsullardan biri kimi nəfəs texnikaları getdikcə daha çox diqqət çəkir.

Yoqa və nəfəs texnikaları üzrə mütəxəssis Məhbubə Əliyeva E-saglam.az-a bildirib ki, nəfəs texnikaları nəfəsin ritmini, dərinliyini və sürətini şüurlu şəkildə dəyişərək həm bədəni, həm də zehni idarə etməyə kömək edir. Bu üsul gündəlik stress və narahatlığın azaldılmasında effektivdir.

Mütəxəssis qeyd edir ki, stress zamanı nəfəs sürətli və səthi olur. Şüurlu şəkildə dərin və yavaş nəfəs alma isə sinir sisteminə təsir edərək beyinə “təhlükə yoxdur” siqnalı göndərir. Nəticədə ürək döyüntüsü azalır, əzələlər boşalır və insan daha sakit vəziyyətə keçir.

Ən effektiv üsullardan biri “4-4-4-4” texnikasıdır: 4 saniyə nəfəs al, 4 saniyə saxla, 4 saniyə ver və yenidən 4 saniyə saxla. Bu ritm sinir sistemini tənzimləyir və qısa müddətdə sakitləşdirici təsir göstərir. Yuxu problemləri zamanı isə “4-7-8” texnikası daha güclü təsir edir və bədəni qısa zamanda rahatlaşdıraraq yuxuya keçidi asanlaşdırır.

Məhbubə Əliyeva bildirir ki, sürətli nəfəs alma sinir sistemini aktivləşdirir, ürək döyüntüsünü və təzyiqi artırır. Dərin və yavaş nəfəs isə əksinə, ürək ritmini tənzimləyir və təzyiqi aşağı salır. Bu zaman vaqus siniri stimullaşır və parasimpatik sinir sistemi aktivləşir.

Mütəxəssis nəfəs texnikalarının səhər acqarına 15-20 dəqiqə tətbiq edilməsini tövsiyə edir. Bu, günə daha enerjili və pozitiv başlamağa kömək edir. Panik atak zamanı isə bu texnikalar beynin diqqətini yönəldərək vəziyyəti nəzarətə almağa imkan verir.

Onun sözlərinə görə, ən çox edilən səhvlərdən biri diafraqmanın düzgün işlədilməməsidir. Düzgün nəfəs zamanı qarın önə doğru qalxmalı və enməlidir, sinə ilə nəfəs alma isə tövsiyə edilmir. Həmçinin yeməkdən dərhal sonra bu məşqləri etmək məsləhət görülmür.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun