Diyetoloq Elena Solomatina NEWS.ru-ya açıqlamasında bildirib ki, quru çia toxumlarının kifayət qədər maye olmadan qəbulu bağırsaqlarda tıxanıqlıq və qəbizlik yarada bilər.
E-saglam.az xəbər verir ki, çianı sadəcə qaşıqla yemək düzgün deyil. Onlar çox suyu özünə çəkir, buna görə də orqanizmdə maye çatışmazlığı varsa, şişkinlik, qaz və hətta ishal kimi problemlər yarana bilər.
"Gündə bir yarım qaşıqdan çox istifadə etmək məsləhət görülmür”, – deyə mütəxəssis xəbərdarlıq edib.
Solomatina qeyd edib ki, çia toxumları faydalı xüsusiyyətləri ilə tanınır — onların tərkibində omeqa-3 yağ turşuları, lif və xolesterini azaldan maddələr var. Lakin bu faydanı əldə etmək üçün toxumları istehlakdan əvvəl üyütmək tövsiyə olunur.
“Çia toxumları üyüdüldükdən sonra çox saxlanmamalıdır, çünki bu zaman qida dəyərini itirə bilər. Ən yaxşısı, üyütdükdən dərhal sonra yeməkdir”, – deyə o əlavə edib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, sağlam qidalar belə düzgün istifadə olunmadıqda orqanizmə zərər verə bilər. Buna görə də çianı rasiona daxil edərkən mütləq maye balansına və miqdarına diqqət yetirmək lazımdır.
Tərcümə: Könül Oruc