Qarnı azca quruldayan kimi yerindən asılı olmayaraq, yaşlı-cavan, böyük-kiçik bilmədən hamıya əsəbləşən və əsəbdən özünü idarə edə bilməyənlərin nəzərinə!
E-saglam.az-a danışan qida eksperti Fərid Səfərovun sözlərinə görə, gün ərzində müxtəlif səbəblərə görə əsəbi olsaq da, aclıq hiss edəndə əsəbimiz ikiqat artır.
Bəs aclıqdan yaranan əsəbin səbəbi nədir? Gəlin, bunu birlikdə xırdalayaq.
Sonuncu yeməyimizdən müəyyən bir vaxt keçdikdən sonra qan dövranındakı bəzi qidaların-karbohidrat, protein və yağın miqdarı azalmağa başlayır. Qanda qlükozanın səviyyəsi aşağı düşür və avtomatik olaraq beyin bunu həyati təhlükə kimi qəbul edir, bir çox orqana qanda qlükoza miqdarını artıracaq hormonları sintez etməyi tapşırır.
Bir sözlə qan şəkəri və insanın özünə nəzarəti bir-biri ilə sıx bağlıdır. Ac olanda qan şəkəri aşağı düşür, peşman ola biləcəyimiz qərarlar verir və dəqiq düşünə bilmirik, diqqətimizi cəmləməkdə çətinlik çəkir, idarəetməni itiririk.
Bəs qan şəkərini necə normada saxlaya bilərik?
- bol lifli qidalanın.
- əgər qanda şəkər problemi yoxdursa qəlyanaltı qəbul etməyin.
- sadə karbohidratlar yerinə kompleks karbohidratlar istehlak edin.
- qlisemik yükü aşağı olan qidalar qəbul edin.
Sağlam qidalanaraq sağlam yaşayın!