Qlobal insidans statistikasına görə mədə xərçəngi dünyada ən çox görülən altıncı xərçəngdir.
E-saglam.az xəbər verir ki, bu xərçəng növü adətən normal yoxlama və ya palpasiya üçün əlçatmaz yerlərdə inkişaf etdiyindən və uzun müddət asemptomatik qala bildiyindən, çox vaxt inkişaf etmiş mərhələlərdə aşkar edilir.
Bununla belə, həkimə müraciət etməli olduğunuz bəzi əlamətlər var. Bu barədə “Rassvet” klinikasından onkoloq və kimyaterapevt Ruslan Absalyamov danışıb.
Onun fikrincə, bir çox digər onkoloji xəstəliklər kimi, mədə xərçənginin də spesifik simptomları yoxdur, buna görə də dispeptik simptomların hər hansı bir təzahürü (məsələn, həzm pozğunluğu) qastroenteroloqla əlaqə saxlamaq üçün artıq səbəb olmalıdır.
Bu simptomlara aşağıdakılar daxildir:
Udma problemləri
Bulantı və qusma
Gəyirmə
Mədədə ağrı
Mədə yanması
Mədədə gurultu
Şişkinlik
Qəbizlik
İshal.
“Məcburi arıqlama, əhəmiyyətli dərəcədə zəiflik, davamlı ağrılar və yumşaq toxumalarda artan sıx formalaşmaların əmələ gəlməsi kimi əlamətlər xəstəliyin daha irəliləmiş mərhələsini göstərə bilər”, - Absalyamov vurğulayıb.
Mədə xərçənginin qarşısını almaq olar
“Mədə xərçənginin əksər halları vəzi hüceyrələrindən yaranan adenokarsinoma ilə təmsil olunur. Bütün bədxassəli mədə şişlərinin təxminən 90%-i xərçəngin bu formasıdır.
Bu gün biz bilirik ki, əsas risk faktoru xroniki qastritin inkişafına səbəb ola bilən kanserogen "Helicobacter pylori" bakteriyası ilə yoluxmadır. Bəzi xəstələrdə selikli qişada olan bu dəyişikliklər xərçəngə çevrilə bilər”, - deyə həkim izah edib.
Tərcümə etdi: Könül Oruc