Sağlamlıq
Sağlam olduğu düşünülürdü:
Sağlamlıq
284

Sağlam olduğu düşünülürdü: qəfil infarkt səbəbi imiş

Avstraliyada aparılan yeni bir araşdırma uzun illər sağlamlıq üçün faydalı hesab edilən omega-3 yağ turşularının əslində düşündüyümüz qədər də günahsız olmadığını ortaya qoyub.

E-saglam.az xəbər verir ki, yağlı balıq, qoz-fındıq və avokado kimi məhsullarda yüksək miqdarda olan omega-3 yağlarının bəzən vücutta iltihablanmanı artırdığı və bunun nəticəsində obezite, ikinci tip diabet və ani infarkt riskini yüksəltdiyi qeyd olunub. Araşdırmaya rəhbərlik edən Queensland Universitetindən professor Deyzi Krik, bu yağ turşularının immun sistemində gözlənilməz reaksiya doğura biləcəyini bildirib.

Eyni zamanda, Çikaqodakı RUSH Sağlam Yaşlanma İnstitutunun professoru Tomas Holland bu nəticələri “gözlənilməz” adlandıraraq, əksər insanların omega-3 yağlarını iltihab əleyhinə və təhlükəsiz hesab etdiyini xatırladıb. Halbuki bu yeni tədqiqat daha yüksək omega-3 səviyyələrinin bədəndə iltihabla əlaqəli göstəriciləri artırdığını göstərib. Mütəxəssislər artıq sadə yanaşmadan uzaqlaşıb, təkcə omega-3 qəbul etməklə sağlamlığın qorunmayacağını, əvəzində omega-3 və omega-6 yağları arasında düzgün balansın vacib olduğunu vurğulayırlar.

Tədqiqat nəticələri beynəlxalq elmi jurnalda yayımlanıb və yağ turşularının uzunmüddətli təsirlərini daha dərindən öyrənmək üçün əlavə araşdırmaların vacibliyinə diqqət çəkilib. Bununla yanaşı, ayçiçəyi, soya və kolza kimi bitki yağlarının da indiyə qədər faydalı hesab olunsa da, obezite, şəkərli diabet və ürək xəstəlikləri ilə əlaqəli ola biləcəyi bildirilib. İngiltərədə təxminən 6,3 milyon insan yüksək xolesteroldan əziyyət çəkir və bu vəziyyət zamanında müalicə olunmazsa, infarkt və insult riskini xeyli artırır.

Mütəxəssislər bu nəticələrin, xüsusilə gənclər arasında artan ürək xəstəlikləri fonunda, bəzi qida vərdişlərinə yenidən baxılmasının vacib olduğunu bildirirlər. Onların fikrincə, yalnız həyat tərzi deyil, eyni zamanda illərlə “sağlam” sayılan bəzi yağ növlərinin də ciddi şəkildə dəyərləndirilməsinə ehtiyac var.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun