Tibbi xəbərlər
Səhər vərdişləriniz qaraciyərinizi səssizcə zədələyə bilər:
Tibbi xəbərlər
207

Səhər vərdişləriniz qaraciyərinizi səssizcə zədələyə bilər: Dəyişməli olduğunuz şey budur

Günün necə keçəcəyi çox vaxt səhərdən necə başlamağımızla müəyyən olunur.

E-saglam.az xəbər verir ki, ancaq bir çox insan üçün səhər rutini – çay içmək, səhər yeməyini buraxmaq və ya stress içində oyanmaq kimi görünən sadə vərdişlərdən ibarətdir. Halbuki bu zərərsiz görünən davranışlar orqanizmin ən vacib və eyni zamanda ən çox nəzərdən qaçırılan orqanı – qaraciyərə zərər verə bilər.

Qaraciyər — toksinləri süzən, yağ və şəkər mübadiləsini idarə edən, alkoqol və dərmanları parçalayaraq bədəni zərərli təsirlərdən qoruyan həyati bir orqandır. Lakin ürək və ya beyin kimi dərhal xəbərdarlıq etmədiyi üçün zədələnməsi çox zaman fərq olunmur. Mütəxəssislər səhər rutininin qaraciyər üçün təhlükəli olan bir çox vərdişi əhatə etdiyini bildirirlər.

Səhər yeməyini buraxmaq zərərlidir

Son zamanlarda populyarlaşan aralıqlı aclıq və səhər yeməyini atlama tendensiyası, qaraciyər sağlamlığı baxımından risklidir. Uzun müddət ac qalmaq, bədəndə stres hormonlarının artmasına səbəb olur və bu da qaraciyərə əlavə yük yaradır. Üstəlik, səhər yeməyini buraxmaq qaraciyəri qan şəkərini sabit saxlamaq üçün ehtiyat qlikogenləri çox istifadə etməyə məcbur edir.

Tövsiyə: Əgər səhər iştahanız yoxdursa, qaynadılmış yumurta, badam və ya çia toxumu kimi yüngül, qaraciyər dostu qidalarla başlamaq faydalıdır.

Şəkərli qidalardan uzaq durun

Reçelli tost, qranola və şəkərli qəhvə kimi qidalar qaraciyəri yükləyir. Fruktoz kimi şəkərlər qaraciyərdə yağ yığılmasına səbəb olur və bu da alkolsüz yağlı qaraciyər xəstəliyi riskini artırır. Təbii şirinləşdiricilər də bu riski aradan qaldırmır.

Alternativlər: Darçınlı yulaf, tərəvəzli yumurta və çia toxumlu qatıq kimi liflə zəngin, şəkəri az səhər yeməkləri daha uyğundur.

Aç qarına dərman və əlavələr risklidir

Multivitamin, ağrıkəsici və ya bitki tərkibli əlavələrin aç qarına qəbulu qaraciyərin detoks qabiliyyətini zəiflədə bilər. Xüsusilə yağda həll olan vitaminlərin nəzarətsiz istifadəsi qaraciyər zədələnməsinə yol aça bilər.

Tövsiyə: Əlavələr yalnız yeməklə birlikdə və həkim məsləhəti ilə qəbul edilməlidir.

Hərəkətsiz səhərlərdən uzaq olun

Səhərlər uzun müddət hərəkətsiz qalmaq qaraciyər və qan dövranına mənfi təsir göstərir. Yüngül esnəmə və ya qısa gəzinti lenf axını artırır və qaraciyərin təmizləmə prosesini dəstəkləyir. Metabolizmin aktivləşməsi üçün günə hərəkətlə başlamaq vacibdir.

Detoks içkilərində ifrata varmayın

Həddindən artıq tərkibli və ədviyyatlı detoks içkiləri qaraciyərə əlavə yük salır. Mütəxəssislər səhər sadəcə ilıq limon suyu və ya seyrəldilmiş aloe vera suyu kimi sadə variantların yetərli olduğunu bildirirlər.

Yuxu rejimi və qaraciyər sağlamlığı

Gec saatlara qədər oyaq qalmaq, gecə ağır yeməklər yemək və ekran qarşısında uzun vaxt keçirmək qaraciyərin bərpa prosesini pozur. Zəif yuxu, qan şəkəri və stres hormonlarını artıraraq qaraciyərin zədələnməsinə gətirib çıxarır.

Səhərlər bir stəkan su içmək, balanslı qidalanmaq, az da olsa hərəkət etmək və kifayət qədər istirahət etmək qaraciyərinizi qorumaq üçün əhəmiyyətlidir. Qaraciyər səssiz işləyən bir orqandır – ona diqqət göstərməyin və təşəkkür etməyin vaxtıdır.

Qeyd: Bu məqalə maarifləndirmək məqsədi daşıyır. Sağlamlığınızla bağlı hər hansı narahatlığınız varsa, həkiminizə müraciət etməyiniz tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun