Açıq hava kafelərinin fəallaşdığı yay mövsümündə zəhərlənmə hallarının artdığı bildirilir.
E-saglam.az xəbər verir ki, Roskaçestvo Qida Təhlükəsizliyi Kompetensiya Mərkəzinin rəhbəri Yelena Spetsenko bu barədə Lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, açıq havada fəaliyyət göstərən kafelərin əsas problemi temperatur rejiminin pozulmasıdır. İsti şəraitdə ət və balıq yeməkləri, süd məhsulları və mayonezli salatlar bakteriyaların sürətlə çoxalması üçün ideal mühit yaradır. Belə yeməklərin təhlükəsiz saxlama müddəti qapalı məkanla müqayisədə dəfələrlə azalır.
Spetsenko əlavə edib ki, digər təhlükə mənbəyi içkilərdə istifadə olunan buzdur. Bir çox müəssisədə buz generatorlarının gigiyenik təmizliyi və suyun keyfiyyəti yoxlanılmır ki, bu da zəhərlənmə riskini artırır.
Mütəxəssis açıq eyvanlarda yerləşən kafelərin əlavə risk daşıdığını vurğulayıb. Küçə tozu, avtomobil qazları və digər çirkləndiricilər yeməklərin üzərinə çökə və sağlamlıq üçün təhlükə yarada bilər. Hətta yeməyin bir neçə dəqiqə açıq qalması belə risklidir. Bu səbəbdən sıx küçələrdən uzaqda, yaşıllıqlar arasında yerləşən məkanlara üstünlük verilməsi tövsiyə olunur.
Spetsenko insanlara yayda açıq hava kafelərində daha diqqətli olmağı tövsiyə edir: yalnız etibarlı məkanları seçmək, müştərinin gözü önündə hazırlanan sadə yeməklərə üstünlük vermək, çoxkomponentli salatlardan çəkinmək və gigiyena şəraiti nə xüsusi diqqət yetirmək vacibdir.
Tərcümə: Könül Oruc