Qidalanma
Yeməkdən sonra niyə yuxulu oluruq?
Qidalanma
158

Yeməkdən sonra niyə yuxulu oluruq? Günorta vaxtı daha çox hiss olunur – səbəbi budur

Yeməkdən sonra yaranan yuxululuq təsadüfi deyil. Xüsusilə günorta saatlarında bu hissin güclənməsi həm qidalanma, həm də bədənimizin bioloji ritmi ilə bağlıdır.

E-saglam.az xəbər verir ki, bir çox insan nahardan sonra halsız, dalğın və yuxulu olur. Bu yalnız çox yeməklə bağlı deyil. Elmi araşdırmalara görə, bəzi qidaların tərkibindəki maddələr beynə təsir edərək bu vəziyyəti yarada bilər.

Zülal və karbohidrat birlikdə yuxunu tətikləyir

Mütəxəssislər bildirirlər ki, naharda çoxlu zülal və karbohidrat qəbul etmək yuxululuq hissini artırır. Çünki zülalın tərkibindəki triptofan maddəsi beyində serotonin hormonuna çevrilir. Serotonin isə rahatlıq və sakitlik verən, daha sonra melatoninə çevrilərək yuxunu tətikləyən hormondur. Karbohidratlar triptofanın beyinə daha sürətli çatmasına kömək edir və bu proses güclənir.

Günorta saatları risklidir

Bu hal yalnız yeməklə bağlı deyil. Bədənimizin bioloji saatı – sirkadiyalı ritm – günorta saatlarında təbii olaraq enerjini azaldır. Adətən 13:00-16:00 arasında enerji düşür və bu da yeməkdən sonra yuxululuğu daha da artırır.

Çox yemək də təsir edir

Naharda çox yemək həzm sistemini yükləyir. Qan daha çox mədəyə yönəldiyi üçün beyinə gedən qan miqdarı azalır və yorğunluq yaranır. Bu da "niyə yeməkdən sonra göz qapaqlarımız ağırlaşır" sualına cavab verir.

Nə etməli?

  • Naharda daha yüngül və balanslı yeməklərə üstünlük verin.

  • Tam taxıllar, tərəvəzlər və az yağlı protein qaynaqları seçin.

  • Qısa bir gəzinti və ya günəş işığında bir neçə dəqiqə keçirmək də yuxululuğu azalda bilər.

Bu sadə tədbirlərlə günorta yeməyindən sonra özünüzü daha enerjili hiss edə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun