Qidalanma
Zərərsiz görünüb zərər verən qidalar:
Qidalanma
55

Zərərsiz görünüb zərər verən qidalar: dünya üzrə ən təhlükəliləri açıqlandı

Səhiyyə mütəxəssisləri gündəlik rasionumuzda tez-tez yer alan, lakin düşündüyümüz qədər zərərsiz olmayan bəzi qidalar barədə xəbərdarlıq ediblər. Onların fikrincə, bu məhsullar tərkibindəki əlavə maddələr və kimyəvi komponentlərlə orqanizmə ciddi şəkildə zərər verə bilər.

E-saglam.az xəbər verir ki, aşağıda, “məsum” görünməsinə baxmayaraq uzunmüddətli sağlamlıq riskləri daşıyan bəzi qidaların siyahısını təqdim edirik:

1. Qəhvə kremi – krem deyil, qatqı bombasıdır
Hazır qəhvə kremi, adından fərqli olaraq, təbii krem deyil. Adətən su, şəkər, soya yağı və ya kanola yağı kimi maddələrdən ibarətdir. Tərkibindəki mono və digliseridlər kimi qatqılar, qəhvəni təbii içkidən emal olunmuş məhsula çevirir. Mütəxəssislər qəhvəyə təbii süd əlavə etməyi məsləhət görürlər.

2. Meyvə şirəsi – sağlamlıq görüntüsü altında gizli şəkər
Meyvənin özü faydalı olsa da, marketlərdəki “təbii” meyvə şirələri posasız və yüksək şəkərlidir. Xüsusilə fruktoz tərkibli içkilər qarın piylənməsi, piylənmə və metabolik xəstəliklər riskini artırır. Bir stəkan üzüm şirəsi içmək dörd şirin bulkaya bərabər şəkər qəbuluna səbəb ola bilər.

3. Diyet içkiləri – arıqlatmaq əvəzinə piylənmə yaradır
Pəhriz məqsədilə seçilən bu içkilər aspartam kimi süni şirinləşdiricilərlə metabolizmanı pozur, qaraciyər yağlanmasını artırır və aclıq hissini gücləndirir. Ən sağlam alternativ hələ də sudur. Ləzzət axtaranlar şəkərsiz bitki çaylarına və ya südsüz qəhvəyə üstünlük verməlidirlər.

4. Qızartmalar – hüceyrələri susdurur
Kartof qızartması kimi yeməklər yüksək “AGEs” (İrəliləmiş Qlikasiya Son məhsulları) tərkibli olduğundan immuniteti zəiflədir, oksidativ stressi artırır və iltihab yaradır. 2015-ci ildə aparılmış bir araşdırma bu məhsulların uzunmüddətli orqan zədələrinə səbəb ola biləcəyini göstərmişdir.

5. Mayonez – boş kalori anbarıdır
Mayonez tərkibindəki qoruyucu maddələr və uzun saxlanma müddəti ilə zərərli qidalar sırasındadır. “Yüngül” mayonezlərdə belə şəkər və əlavələr olur. Alternativ olaraq qatıq və təbii ədviyyatlarla hazırlanmış souslar daha sağlamdır.

6. Bulyon küpləri – səssiz təhlükə
Hazır bulyonlar tərkibində palm yağı, MSG və çoxlu miqdarda duz saxlayır. Bu maddələr yüksək qan təzyiqi, ürək və böyrək problemlərinə səbəb ola bilər. Təbii evdə hazırlanmış ət və ya toyuq bulyonları daha etibarlıdır.

7. Plastik butulkadakı su – xərçəng riski daşıyır
Plastik qablaşdırmada olan sularda BPA (Bisfenol A) adlı maddə var ki, bu da hormon balansını pozur və bəzi xərçəng növləri ilə əlaqələndirilir. Şüşə və ya paslanmayan polad butulkalar daha təhlükəsiz seçimdir.

8. Hazır turşular – boyalı və qatqılı
Ev turşuları faydalı ola bilər, lakin mağaza rəflərindəki məhsullar tez-tez süni rəngləndirici və konservantlarla doludur. Məsələn, xiyar turşusunun yaşıllığı üçün sarı boya istifadə edilir. Təhlükədən uzaq qalmaq üçün evdə hazırlanan turşulara üstünlük verilməlidir.

9. Saqqız – gizli təhlükə
Saqqızlar süni şirinləşdiricilər səbəbindən həzm sisteminə mənfi təsir edə bilər. Şişkinlik, qaz və mədə problemləri ilə yanaşı, iştahı artırma xüsusiyyəti də var. “Şəkərsiz” variantlar belə tərkibindəki kimyəvi maddələr səbəbilə risk daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun