Yeni elmi araşdırmaya görə, AB qan qrupu olan insanlarda Alzheimer xəstəliyinə tutulma riski digər qan qruplarına sahib olanlara nisbətən 82 faiz daha yüksəkdir.
E-saglam.az xəbər verir ki, bu nəticə Vermont Universitetinin apardığı və Neurology jurnalında dərc edilən araşdırma əsasında ortaya çıxıb.
Alimlər bildirirlər ki, qan qrupu təkcə infeksiyalara qarşı müqavimətə deyil, həm də beyinin uzunmüddətli sağlamlığına təsir göstərə bilər. Tədqiqatda yaşı 65 və yuxarı olan 1200-dən çox iştirakçının sağlamlıq göstəriciləri araşdırılıb və məlum olub ki, AB qan qrupuna sahib şəxslərdə yaddaş və düşüncə problemlərinin – yəni yüngül koqnitiv pozğunluqların – yaranma ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir.
Səbəb nədir?
Tədqiqatçılar bu yüksək riski AB qan qrupu olan insanlarda "Faktor VIII" adlı laxtalanma faktorunun səviyyəsinin daha yüksək olması ilə əlaqələndirirlər. Bu amilin beyin qan dövranına mənfi təsir göstərərək uzun müddətdə idrak funksiyalarının zəifləməsinə yol aça biləcəyi ehtimal edilir.
Digər qan qruplarında vəziyyət necədir?
– I qan qrupu: Ürək xəstəlikləri və bəzi tədqiqatlara görə Alzheimer riski daha aşağıdır.
– II və III qan qrupları: Orta risk daşıyır. Bu qruplar üçün də bəzi tədqiqatlar koqnitiv problemlərə meylliliyin daha yüksək ola biləcəyini göstərir.
– IV qan qrupu: Ən yüksək risk daşıyan qrup kimi qiymətləndirilir.
Risk varsa, nə etməli?
Mütəxəssislər bildirir ki, AB qan qrupuna sahib olmaq mütləq şəkildə Alzheimer xəstəliyinə tutulacağınız anlamına gəlmir. Lakin bu riski azaltmaq üçün profilaktik tədbirlər görmək vacibdir:
– Sağlam və balanslı qidalanma
– Fiziki aktivlik
– Beyni stimullaşdıran zehni fəaliyyətlər (oxumaq, puzzle, yeni dil öyrənmək və s.)
– Qan təzyiqi və xolesterolu nəzarətdə saxlamaq
– Yuxu rejiminə və stressə diqqət yetirmək
Elmi tədqiqatların artması qan qrupları ilə müxtəlif xəstəliklər arasındakı əlaqələri daha dəqiq anlamağa imkan verir. Bu səbəbdən sağlamlıqla bağlı fərdi riskləri bilmək və vaxtında tədbir görmək həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.
Tərcümə: Könül Oruc