Rusiyalı kardioloq Yevgeni Kokin “İzvestiya”ya verdiyi açıqlamada 35 yaşdan aşağı insanlarda müşahidə olunan ürək problemləri barədə danışıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bəzi simptomlar gənc yaşda belə "qocalmış ürək" sindromuna işarə edə bilər.
Kokin qeyd edib ki, istirahətdən sonra belə yorğun oyanmaq, enerji itkisi və halsızlıq təkcə sadə yorğunluq deyil, ürək çatışmazlığının göstəricisi ola bilər. Bu vəziyyətdə ürək qanı tam dövr etdirmək qabiliyyətini itirir, orqanlara oksigen və qida çatdırmaqda çətinlik çəkir.
Angina (ürək ağrısı) zamanı isə adi gəzinti və ya pilləkən qalxarkən döş qəfəsində yanma və ağrı hiss olunur. Bu ağrılar qısa istirahətdən sonra və ya nitroqliserin qəbulundan sonra keçir. Həkim xüsusilə fiziki aktivlik zamanı və ya üfüqi vəziyyətdə nəfəs darlığı yaranmasını təhlükəli simptom adlandırıb. Gecə yaranan təngnəfəslik hücumları isə daha ciddi problemlərə işarədir.
Kokin ürək ritminin pozulması kimi simptomlara tez-tez ürəkdöyünməsi, döş qəfəsində titrəmə, fasilələrlə döyüntü və narahatlıq hissini də əlavə edib. Onun sözlərinə görə, aritmiyalar təkcə ürək xəstəlikləri deyil, həm də qalxanabənzər vəzin disfunksiyası, stress, zəhərlənmə və spirtli içkilərdən sui-istifadə ilə əlaqəli ola bilər.
Kardioloq vurğulayıb ki, ürək xəstəlikləri Rusiyada ölümün əsas səbəblərindən biridir və “ürəyin qocalması” yalnız yaşla deyil, həyat tərzi ilə bağlıdır.
Tərcümə: Könül Oruc