Tibbi xəbərlər
Həddindən artıq susuzluq və tez-tez sidiyə getmək
Tibbi xəbərlər
145

Həddindən artıq susuzluq və tez-tez sidiyə getmək bu xəstəliyin əlaməti ola bilər

Endokrinologiya və metabolik xəstəliklər üzrə mütəxəssis dosent Dr. Rümeysa Selvinaz Erol bildirib ki, "Diabetes insipidus" adlanan nadir xəstəlik xüsusilə isti havalarda və kifayət qədər maye qəbul edilmədikdə həyati təhlükə yarada biləcək ciddi su itkilərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, xəstəxana tərəfindən verilən açıqlamaya əsasən, həddindən artıq susuzluq və tez-tez sidiyə çıxmaq əlamətləri çox vaxt şəkərli diabetlə əlaqələndirilsə də, bu şikayətlərin səbəbi bəzən "diabetes insipidus" kimi başqa xəstəliklər də ola bilər. Qanda şəkər səviyyəsi ilə əlaqəsi olmayan bu nadir xəstəlik isti havalarda təhlükəli nəticələr doğura bilər.

Açıqlamada fikirlərinə yer verilən Dr. Erol qeyd edib ki, "Diabetes insipidus" xəstəliyində böyrəklər suyu saxlaya bilmədiyi üçün xəstələr gün ərzində litrlərlə su içsələr də, susuzluq hissi keçirirlər və çox tez-tez sidiyə çıxırlar. Bəzi hallarda gündəlik sidik miqdarı 10 litri də keçə bilər. Xəstəlik yorğunluq, halsızlıq kimi əlamətlərlə də özünü göstərə bilər.

Uşaqlarda isə bu vəziyyət böyümə geriliyi və ya alt islatma kimi problemlərə səbəb ola bilər. Əgər kifayət qədər maye qəbul olunmazsa və ya hava çox isti olarsa, bu vəziyyət orqanizmdə ciddi su çatışmazlığına və hətta həyati təhlükəyə səbəb ola bilər.

Dr. Erol xəstəliyin əsas üç növünü də izah edib:

Mərkəzi (santral) tip – Beyində yerləşən hipotalamus və ya hipofiz vəzin ADH (antidiuretik hormon) istehsal edə bilməməsi nəticəsində yaranır.

Nefrogen tip – Bəzi dərmanlar və ya genetik pozğunluqlar səbəbilə böyrəklərin bu hormona reaksiya verə bilməməsi ilə bağlıdır.

Psixogen tip (psixoloji səbəblərlə bağlı) – Bu halda nə ADH hormonunda, nə də böyrəklərin funksiyasında problem olmur. Lakin şəxs psixoloji səbəblərlə həddindən artıq su içir və bu da təbii olaraq sidik ifrazının artmasına səbəb olur. Ən çox şizofreniya və obsesiv-kompulsiv pozuntu (OKP) kimi psixoloji problemlərdə rast gəlinir.

Diaqnostika və müalicə necə aparılır?

Dr. Erol bildirib ki, diaqnoz üçün gündəlik sidik miqdarı, sidik sıxlığı, qandakı natrium səviyyəsi və lazım gələrsə susuzluq testi kimi metodlardan istifadə edilir. Diaqnoz qoyulduqdan sonra isə səbəbi müəyyənləşdirmək üçün beyin görüntülənməsi kimi əlavə testlər aparılır.

Mərkəzi tip "diabetes insipidus"da çatışmayan ADH hormonu buruna sprey və ya tablet formasında verilən dərmanlarla əvəz edilə bilər. Müalicə nəticəsində xəstənin həyat keyfiyyəti sürətlə yaxşılaşır.

Nefrogen tipdə isə səbəbə yönəlmiş müalicə, duzun azaldılması və bəzi sidikqovucu dərmanlar faydalı ola bilər.

Psixogen poliuriyanın (psixoloji səbəblə çox su içmək) müalicəsində isə əsas məqsəd çox su içmə vərdişini dəyişməkdir. Bu xəstələr adətən psixiatriya mütəxəssisi tərəfindən izlənir. Davranış terapiyası, psixo-təhsil və şizofreniya və OKP kimi xəstəliklərin müalicəsi vacib rol oynayır.

Dr. Erol xəbərdarlıq edib ki, birdən-birə su qəbulu məhdudlaşdırılmamalıdır, çünki bu, qanda natrium səviyyəsini sürətlə yüksəldə bilər. Ona görə də su balansı diqqətlə tənzimlənməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun