Müasir həyat tərzində uzun müddət oturaq vəziyyətdə qalmaq adi hal alıb. Lakin bu vərdişin ürək-damar sağlamlığına təsiri çox vaxt nəzərə alınmır.
E-saglam.az xəbər verir ki, kardioloq Sergey Vasiliev bildirib ki, uzun müddət hərəkətsiz qalmaq ürək-damar xəstəlikləri üçün ciddi risk faktorlarından biridir. Onun sözlərinə görə, davamlı oturma zamanı damarların əzələləri zəifləyir və tonusunu itirir ki, bu da qan təzyiqində dəyişikliklərə səbəb ola bilər.
Mütəxəssis qeyd edir ki, oturaq həyat tərzi təkcə damarları deyil, əzələləri də mənfi təsir altına alır. Bel, boyun və baş nahiyəsindəki əzələlər uzun müddət statik gərginlikdə qalır və bu, əlavə narahatlıqlara yol açır.
Həkim vurğulayır ki, hərəkətin az olması ürək əzələsinin fəaliyyətinə də təsir edir. Orqanizm müntəzəm fiziki aktivlikdən məhrum olduqda ürək daha az effektiv işləməyə başlayır və bu, zamanla ürək-damar problemlərinin yaranma riskini artırır.
Kardioloq gün ərzində fasilələrlə hərəkət etməyi, qısa gəzintilər etməyi və ümumilikdə aktiv həyat tərzinə üstünlük verməyi tövsiyə edir. Bu sadə addımlar ürək sağlamlığını qorumaqda mühüm rol oynayır.
Tərcümə: Könül Oruc