Sağlamlıq
Mətbəxdə gizli təhlükə: Çatlayan fincanlar düşündüyünüzdən daha təhlükəlidir!
Sağlamlıq
156

Mətbəxdə gizli təhlükə: Çatlayan fincanlar düşündüyünüzdən daha təhlükəlidir!

Evimizdə hər birimizin sevdiyi bir fincan var – bəlkə də illərin fincanı, yadigardır, ya da xaricdən gətirilib. Zamanla içində incə, saç xəttinə bənzər çatlar əmələ gəlsə də, onu atmağa əlimiz gəlmir. Ancaq bu çatlamış fincanlardan istifadə sağlamlığımız üçün ciddi risk yarada bilər.

E-saglam.az xəbər verir ki, qida mühəndisi Tuğba Parıltı sosial şəbəkədə paylaşdığı videoda bu məsələyə aydınlıq gətirib və açıq şəkildə xəbərdarlıq edib: “Tez cavab verirəm: Xeyr, bu fincanlardan istifadə təhlükəlidir!”

Niyə bu çatlar təhlükəlidir?

Mütəxəssisin sözlərinə görə, fincanlardakı xırda çatlar sadəcə estetik problem deyil. Onlar zamanla bakteriya və kimyəvi maddələrin toplanma nöqtəsinə çevrilir. Çatların içərisində əvvəlki içkilərin – xüsusilə də südlü içkilərin – qalıqları qala bilər. Bu isə bakteriyaların inkişafı üçün əlverişli şərait yaradır.

Parıltı əlavə edir:
“Əgər o fincana qəhvə qoyulursa, qalıqları çatların içində qalır. Südlü içki tökülürsə, orada bakteriyalar çoxalır. Qabyuyan maşında yuyulursa, çatların içində yuyucu vasitələrin kimyəvi izləri qalır.”

İsti içkilərlə təhlükə daha da artır

Ən təhlükəli məqam isə bu fincana yenidən isti içki töküləndə ortaya çıxır. Çünki isti maye çatlarda qalmış kimyəvi və bakterial qalıqları aktivləşdirir və içdiyiniz içkiyə qarışdırır. Bu isə fərqinə varmadan zərərli maddələri bədəninizə qəbul etdiyiniz mənasına gəlir.

Həll nədir? Onu atmayın, mətbəxdən uzaqlaşdırın!

Tuğba Parıltı bildirir ki, bu fincanları atmaq lazım deyil, lakin mətbəxdə istifadədən çıxarılmalıdır. Onlar üçün təklif etdiyi kreativ alternativlər:

  • Qələm qabı kimi istifadə edin – masaüstündə şık görünür.

  • Kiçik çiçək qabına çevirin – dekorativ məqsədlə istifadə edin.

  • Xatirə əşyası olaraq vitrin və ya rəfdə saxlayın.

Yekunda isə mütəxəssis hər kəsi evdəki keramika və stəkanları yenidən gözdən keçirməyə çağırır. Çünki sağlamlığımız bu qədər sadə detalların arxasında gizlənə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun