Qidalanma
Öyün atlayanda nə baş verir?
Qidalanma
174

Öyün atlayanda nə baş verir? Gözlənilməz sağlamlıq riski

Vaxta qənaət etmək və ya arıqlamaq məqsədilə yeməkləri atlamaq, qısa müddətdə zərərsiz görünsə də, uzun müddətdə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş maddələr mübadiləsi, hormon balansı, həzm və psixoloji sağlamlıq üzərində mənfi təsirlər yarada bilər.

Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, yeməyi atlayan zaman orqanizm sağ qalma rejiminə keçir. Maddələr mübadiləsi ləngiyir, yandırılan kalorilərin miqdarı azalır və nəticədə arıqlamaq daha da çətinləşir. Bu vəziyyət uzun müddət davam edərsə, tiroid funksiyasının pozulması kimi ciddi fəsadlar ortaya çıxa bilər.

Müntəzəm olaraq qida qəbul edilmədikdə bədənin əsas enerji mənbəyi olan qlükoza azalır. Bu isə qan şəkərinin düşməsinə, başgicəllənmə, əsəbilik, diqqət pozuntusu və zehni dumanlıq kimi hallar yaşanmasına səbəb ola bilər. Stresli dövrlərdə yeməyi atlamaq isə psixoloji sağlamlığa daha güclü təsir göstərir.

Uzun müddət ac qalmaq növbəti yemək zamanı həddindən artıq yeməyə səbəb olur. Bu zaman insan tez-tez daha zərərli və az dəyərli qidaları seçir. Qidalanmadakı nizamsızlıq bədəndə kortizol (stress hormonu) səviyyəsini artırır və yuxu, immunitet, menstrual dövr və hormon balansını poza bilər.

Yeməyi atlamaq bağırsaq fəaliyyətini pozur. Nəticədə şişkinlik, qəbizlik, reflü və hətta qastrit kimi problemlər yaranır. Bağırsaq mikroflorası zəiflədiyindən immun sistem də zəifləyə bilər.

Sadəcə kalorilər deyil, dəmir, kalsium, maqnezium kimi vacib mikroelementlər də bədəndən əskik qalır. Uzun müddətli qida çatışmazlığı nəticəsində dəridə solğunluq, saç tökülməsi, dırnaq qırılması və daimi yorğunluq müşahidə edilə bilər.

Mütəxəssislər bildirirlər ki, "yemək atlamaq nizam-intizam deyil, əslində nizamsızlıqdır". Sağlamlıq üçün əsas prinsip vaxtında, balanslı və təbii qidalarla qidalanmaqdır. Bu, həm çəkini idarə etmək, həm hormon balansını qorumaq, həm də ümumi rifahı təmin etmək baxımından vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun