Avropa Tibb Mərkəzinin (EMM) endokrinoloqu, profilaktik və qocalma əleyhinə tibb üzrə mütəxəssisi Kamilya Tabeyeva “Lenta.ru”ya verdiyi müsahibədə bildirib ki, qalxanabənzər vəz xərçəngi çox vaxt heç bir əlamət vermədən inkişaf edir və əsasən təsadüfi tibbi müayinələr zamanı aşkar olunur. Lakin müəyyən hallarda diqqət tələb edən simptomlar ortaya çıxa bilər.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, boyun nahiyəsində şişkinlik, səsin dəyişməsi və udma çətinliyi bu xəstəliyin xəbərçisi ola bilər: "Bu əlamətlər adətən xəstəlik xeyli irəlilədikdən sonra meydana çıxır və çox vaxt xəstələr tərəfindən gec fərq edilir.
Xüsusilə düyünlü zob diaqnozu qoyulan insanlar yüksək risk qrupuna daxildir. Belə hallarda qalxanabənzər vəzdə bir və ya bir neçə düyün formalaşır və bu, zamanla xərçəngə çevrilə bilər".
Tabeyeva xəbərdarlıq edir ki, qalxanabənzər vəzində düyünləri olan şəxslər həkimin təyin etdiyi aralıqlarla nəzarət müayinələrindən keçməli, mütəmadi olaraq ultrasəs müayinəsi etdirərək vəziyyətlərini izləməlidirlər. Bu, xərçəngin erkən mərhələdə aşkar olunmasına və müalicənin vaxtında başlanmasına kömək edə bilər.
Tərcümə: Könül Oruc