Tibbi xəbərlər
Testosteronu artırmağın
Tibbi xəbərlər
259

Testosteronu artırmağın təbii və tibbi yolları

Testosteron kişilərdə əsas hormonlardan biri sayılır və onun səviyyəsinin aşağı düşməsi bir çox sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, enerji çatışmazlığı, libidonun azalması, əzələ itkisi, yuxusuzluq, depressiya və ümumi halsızlıq bu hallar arasında yer alır. Bu səbəblə testosteronun balansda saxlanması həm fiziki, həm də psixoloji sağlamlıq üçün vacibdir. Həm təbii, həm də tibbi üsullarla testosteron səviyyəsini artırmaq mümkündür, lakin yanaşma fərdi olaraq müəyyən edilməlidir.

Testosteronun azalmasına səbəb olan əsas amillərdən biri keyfiyyətsiz yuxudur. Aparılan elmi araşdırmalar göstərir ki, gündə 5 saatdan az yatan kişilərdə testosteron səviyyəsi 10–15 faiz azalır. Hətta bir həftəlik yuxu çatışmazlığı belə bu hormonun səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilir. Eyni zamanda, yuxu apnesi və gecə saatlarında süni işığa məruz qalmaq da orqanizmin testosteron istehsalını zəiflədir. Buna görə də keyfiyyətli və kifayət qədər yuxu, hormonal balans üçün əsas şərtlərdən biridir.

Təbii yollarla testosteron səviyyəsini dəstəkləmək üçün bəzi bitki mənşəli məhsullardan da istifadə edilir. Məsələn, tribulus terrestris, maca kökü, ashwagandhasink geniş şəkildə tanınır. Lakin bu əlavələrin hər biri hər kəsdə eyni təsir göstərmir. Məsələn, tribulus və maca enerjini artırsa da, testosteron səviyyəsinə birbaşa təsiri sübut olunmayıb. Sink çatışmazlığı testosteronun düşməsinə səbəb ola bilər, amma artıq qəbul da zərərlidir. Ashwagandha isə stresi azaldaraq dolayı yolla bu hormonun artmasına kömək edə bilər. Yenə də bu maddələrdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Əgər həyat tərzində dəyişikliklər və təbii üsullar yetərli olmursa, tibbi müalicəyə keçid lazım ola bilər. Bu zaman testosteron əvəzetmə terapiyası (TRT) tətbiq olunur. TRT yalnız laborator analizlərdə testosteronun həqiqətən aşağı olduğu və bununla bağlı əlamətlərin müşahidə edildiyi hallarda istifadə edilir. Müalicə formaları arasında jel, iynə, implant və ya ağızdan qəbul edilən preparatlar mövcuddur. Lakin TRT zamanı prostat xərçəngi riski, ürək-damar problemləri və qanda qatılaşma kimi hallara xüsusi nəzarət edilməlidir. Eyni zamanda bu müalicə bədənin öz testosteron istehsalını zəiflədə bilər.

Alternativ olaraq bəzi hallarda vücudun öz hormon istehsalını stimullaşdırmaq üçün HCG və ya clomiphene citrate kimi dərmanlar istifadə olunur. Bunlar beynin testislərə siqnal göndərməsinə kömək edərək təbii hormon istehsalını dəstəkləyə bilər.

Unudulmamalıdır ki, testosteron səviyyəsinə D vitamini də ciddi təsir göstərir. Bu vitaminin çatışmazlığı hormon səviyyəsini aşağı sala bilər. Araşdırmalar göstərir ki, D vitamini əlavəsi ilə testosteronda 10–20 faiz artım mümkündür. Amma bu cür əlavələr yalnız analiz nəticəsinə əsasən və həkim məsləhəti ilə qəbul edilməlidir.

Testosteronun artırılması üçün ilk addım həyat tərzinin optimallaşdırılmasıdır: yaxşı yuxu, balanslı qidalanma, stressin azaldılması və fiziki aktivlik. Əgər bu üsullar kifayət etməzsə, tibbi yanaşmalar dəyərləndirilə bilər. Amma istənilən müdaxilə yalnız peşəkar nəzarətlə və dəqiq diaqnoz əsasında aparılmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun