Tibbi xəbərlər
Uşaqlarda yuxusuzluğun gizli səbəbi
Tibbi xəbərlər
13

Uşaqlarda yuxusuzluğun gizli səbəbi açıqlanıb

Uşaqlarda yuxusuzluq, gecə tez-tez oyanma və narahat yuxu kimi problemlər son illərdə daha geniş yayılıb. Mütəxəssislər bildirir ki, bu hallar təkcə ekran istifadəsi ilə deyil, həm də bəzi vitamin çatışmazlıqları ilə əlaqəli ola bilər.

E-saglam.az xəbər verir ki, uşaqlarda yuxu pozğunluğunun səbəbləri arasında düzgün qurulmayan yuxu rejimi, yatmazdan əvvəl telefon və planşet istifadəsi, stress, qorxu, allergiya, burun tutulması və reflü kimi fiziki amillər də yer alır. Bununla yanaşı, D vitamini çatışmazlığı da diqqətdən kənarda qalmamalıdır.

Mütəxəssislərin sözlərinə görə, D vitamini yalnız sümük sağlamlığı üçün deyil, həm də yuxu mexanizmlərinin tənzimlənməsi üçün vacibdir. Bu vitamin yuxu dövrünə nəzarət edən beyin strukturlarına təsir edir və melatoninlə serotonin kimi hormonların balansını dəstəkləyir.

Araşdırmalar göstərir ki, D vitamini səviyyəsi aşağı olan uşaqlarda yuxu müddəti daha qısa olur, yuxuya getməkdə çətinlik və gecə oyanmaları daha tez-tez müşahidə edilir. Bununla belə, hər yuxu problemini yalnız vitamin çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil.

Mütəxəssislər xəbərdarlıq edir ki, D vitamini preparatları həkim məsləhəti olmadan istifadə edilməməlidir. Artıq qəbul hallarında orqanizmdə kalsiumun yığılması, böyrək daşları, ürəkbulanma və halsızlıq kimi problemlər yarana bilər.

Qeyd edilir ki, D vitamininin əsas mənbəyi günəş işığıdır. Bundan əlavə, yağlı balıqlar, yumurta sarısı və süd məhsulları da bu vitaminlə zəngindir. Lakin qidalanma ilə gündəlik ehtiyacın tam ödənilməsi çətin olduğu üçün bəzi hallarda əlavə dəstəyə ehtiyac yarana bilər.

Mütəxəssislər uşaqların sağlam yuxusu üçün balanslı qidalanma, düzgün yuxu rejimi və kifayət qədər günəş işığının vacib olduğunu vurğulayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun