Gecə yuxusunun keyfiyyəti təkcə onun müddəti ilə deyil, bədənin hansı mövqedə istirahət etməsi ilə də müəyyən olunur.
E-saglam.az xəbər verir ki, somnoloqların fikrincə, düzgün yuxu duruşu orqanizmin ümumi sağlamlığına əhəmiyyətli təsir göstərir.
Arxası üstə yatmaq
Bu, ən fizioloji mövqe sayılsa da, xoruldayan və yuxu apnesi olan şəxslər üçün tövsiyə olunmur. Çünki bu zaman dil və boğaz əzələləri boşalır, tənəffüs yolları tıxana bilər. Həmçinin, burun axıntısı olan şəxslərdə gecə boyunca burun-udlaqda selik yığıla bilər.
Qarın üstə yatmaq
Ən az tövsiyə olunan duruşdur. Bu vəziyyətdə onurğa dəstəksiz qalır, boyun isə qeyri-təbii şəkildə yana çevrilir. Bu, uzunmüddətli narahatlığa və ağrılara səbəb ola bilər. Üstün cəhəti isə – xoruldama ehtimalının azalmasıdır. Bu mövqedə yatanlar alçaq yastıqdan istifadə etməlidirlər.
Yan üstə yatmaq – ən uyğun seçim
Ən çox tövsiyə olunan duruş məhz budur. Çünki bu halda tənəffüs yolları açıq qalır, bel və boyun bölgəsində gərginlik yaranmır. Əksər insanlar sol tərəfdə yatmağı daha rahat hesab edir və bu mövqe həzmə müsbət təsir göstərir, reflüks riskini azaldır.
Sol tərəfdə yatmağın faydaları:
-
Həzm prosesini yaxşılaşdırır
-
Qaraciyər və böyrəklərə qan axınını artırır
-
Dalağın və limfa sisteminin fəaliyyətini dəstəkləyir
-
Hamilə qadınlarda dölə qan axını yaxşılaşdırır
Sağ tərəfdə yatmaq isə bəzi insanlar üçün daha rahat ola bilər. Bu duruş turşu reflü riskini azaltsa da, qaraciyərə təzyiq göstərə və avtonom sinir sisteminə mənfi təsir edə bilər.
Həkimlərin fikrincə, sol tərəfdə yan üstə yatmaq ən sağlam mövqedir. Ancaq hər kəsin rahatlıq səviyyəsi fərqlidir. Əsas olan, yuxu pozasında rahat olmaq və bədəni dəstəkləyəcək düzgün döşək-yastıq seçməkdir.
Tərcümə: Könül Oruc