Tibbi xəbərlər
Yuxu xəstəliyi: Letargik ensefalit nədir və niyə baş verir?
Tibbi xəbərlər
237

Yuxu xəstəliyi: Letargik ensefalit nədir və niyə baş verir?

Piroqov Universitetinin Tibb Tarixi kafedrasının əməkdaşı, mütəxəssis Angela Ulanova, letargik ensefalitin – yəni “yuxu xəstəliyinin” – təhlükəli bir beyin iltihabı forması olduğunu açıqlayıb.

E-saglam.az xəbər verir ki, bu xəstəlik adətən hava-damcı və təmas yolu ilə ötürülür və əvvəlcə klassik infeksion simptomlarla başlayır: psixomotor narahatlıq, həyəcan və hətta varsanılarla müşayiət olunur.

Ancaq xəstəliyin əsas xüsusiyyəti bundan sonra ortaya çıxır – xəstədə dərin və fasiləsiz yuxu vəziyyəti inkişaf edir. Bu vəziyyətə tibbdə "hipersomniya" və ya "letarji" deyilir. Bəzi hallarda bu yuxu vəziyyəti bir neçə həftə, hətta aylarla davam edə bilər. Ulanovanın sözlərinə görə, xəstələri bu haldan ayıltmaq çətin olur – onları ancaq qismən oyatmaq, məsələn, yeməklə qidalandırmaq mümkündür. Maraqlıdır ki, sağaldıqdan sonra xəstələr bu dövrü ümumiyyətlə xatırlamırlar.

Letargik ensefalitin son illərdə müşahidə olunan ocaqları Qazaxıstanda – xüsusilə Kalaçi və Krasnoqorsk kimi yaşayış məntəqələrində qeydə alınıb. Bu bölgələrdə xəstələrə “məlum genezli ensefalopatiya” diaqnozu qoyulub. Statistikaya görə, xəstələrin yuxu vəziyyəti orta hesabla 6-7 gün davam edib.

Mütəxəssislərin fikrincə, bu halın səbəbi bölgələrdə havada oksigenin azalması və karbon qazlarının – xüsusilə karbonmonoksidin – artması ilə əlaqəlidir. Bu da beynin fəaliyyətinə birbaşa təsir edərək “yuxu xəstəliyi”nə bənzər vəziyyətlərin yaranmasına səbəb ola bilər.

Letargik ensefalit tibbdə nadir, lakin ciddi nəticələr doğuran sindrom olaraq tanınır. Xəstəliyin səbəbləri və yayılma mexanizmi hələ də tam araşdırılmadığı üçün bu sahədə elmi tədqiqatlar davam etdirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun