TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara 300 137 göndəriş verilib.
Bu barədə E-saglam.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 155 361 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 2 857-si uşaqlara, 152 504-ü isə böyüklərə göstərilib.
Sözügedən əməliyyat və prosedurlardan 43 650-ni ürək-damar, 38 115-ni oftalmoloji, 31 097-ni invaziv radiologiya xidmətləri təşkil edib.
Məlumat üçün bildirək ki, ötən ilin avqust ayında Xidmətlər Zərfinə qaraciyər, böyrək və sümük iliyi transplantasiyası xidmətləri daxil edilib. Qeyd edilən əməliyyatlar üzrə 5 aylıq göstərici 37 təşkil edir.
Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı ötən ilin yanvar-dekabr ayları üzrə davam edir.