Son dövrlərdə “gündə 2 litr su içmək” tövsiyəsi geniş yayılıb. Lakin mütəxəssislər bildirir ki, bu yanaşma hər kəs üçün uyğun deyil və bəzi hallarda sağlamlıq üçün risk yarada bilər.
E-saglam.az xəbər verir ki, Natalya Çaevskaya qeyd edib ki, sabit su norması fərdi xüsusiyyətləri nəzərə almır. Bədən çəkisi, fiziki aktivlik, hava temperaturu, qidalanma və ümumi sağlamlıq vəziyyəti su ehtiyacını birbaşa müəyyən edir.
Mütəxəssisin sözlərinə görə, bədəndə artıq su olduqda su-duz balansı pozulur. Bu isə böyrəklərə əlavə yük yaradır və bəzi hallarda ürək-damar sisteminə də mənfi təsir göstərə bilər.
Diyetoloq vurğulayır ki, internetdə yayılan məsləhətlərə kor-koranə əməl etmək düzgün deyil. Ümumi yanaşma kimi hər kiloqram bədən çəkisinə 30–35 ml su qəbul etmək tövsiyə olunsa da, bu göstərici sərt norma deyil və yalnız başlanğıc nöqtəsi kimi qəbul edilməlidir.
Eyni zamanda, maye tələbatı həyat tərzindən asılı olaraq dəyişir. İsti hava şəraitində və intensiv fiziki fəaliyyət zamanı orqanizm daha çox suya ehtiyac duyur. Oturaq həyat tərzi sürən və tərəvəzlə zəngin qidalanan insanlarda isə bu ehtiyac nisbətən daha az olur.
Mütəxəssislər bildirir ki, ən düzgün yanaşma bədənin siqnallarını nəzərə almaq və fərdi ehtiyaclara uyğun maye qəbulunu tənzimləməkdir.
Tərcümə: Könül Oruc