Vətəndaş Zamin Babayev 11 yaşlı övladının Bakı Sağlamlıq Mərkəzində dişi müalicə olunarkən, yüksək dozada narkoz verilməsini əsas gətirərək uşağın komaya düşdüyünü deyir. O, bu barədə şikayətində bildirib.
"Uşağımın daimi dişlərindən birində problem yarandığı üçün Bakı Sağlamlıq Mərkəzində stomatoloqa müraciət etdik. Müayinə zamanı bizim icazəmiz alınmadan xəstəxananın anestezioloqu Fərəh Amanova uşağıma narkoz verib, nəticədə övladım komaya düşüb. Övladım 3 gün orada qalıb. MRT üçün Bakı Diaqnostika Mərkəzinə aparılıb. Diş həkimi Bəhruz Rüstəmov problemin onunla bağlı olmadığını deyir, bildirir ki, bu anestezioloqun səhvindən baş verib. Ərizə yazıb övladımı Mərkəzi Klinik Xəstəxanaya apardım. Uşağım hazırda aparata qoşuludur. Beyninin bir hissəsi zədələnib. Artıq övladım 9 gündür komadadır və ayılmama riski var", - Zamin Babayev bildirib.
Vətəndaş bununla bağlı Baş Prokurorluğa rəsmi müraciət etdiyini söyləyir. Həmçinin vurğulayır ki, övladına narkoz verən həkim ortalıqda yoxdur.
Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən anews.az-a bildirilib ki, baş verən hadisə ilə bağlı açıqlama veriləcək.